Argentina Futbol Assosiasiyasının (AFA) hesabları misirli hakerlər tərəfindən sındırılıb. Bu barədə “MDZ Radio” məlumat yayıb.

Hadisə Argentina millisinin 2026-cı il dünya çempionatının 1/8 finalında Misiri 3:2 hesabı ilə məğlub etməsindən sonra baş verib. Həmin görüşdə baş hakim Fransua Leteksyenin qərarlarından narazı qalan Misir Futbol Federasiyası fransalı hakimlər briqadasının turnirdən kənarlaşdırılmasını tələb etmişdi.

Məlumata görə, hakerlər AFA-nın məlumat bazasının bir hissəsinə, o cümlədən elektron poçt ünvanlarına, IP ünvanlarına və parollara çıxış əldə ediblər. Hücumdan sonra AFA-da akkreditasiyadan keçmiş bir neçə jurnalistə “AFA Medios” hesabından elektron məktub göndərilib.

Misirli hakerlərə aid olduğu bildirilən məktubda hakimlik tənqid olunaraq, “Bu oğurluq diqqətdən kənarda qalmayacaq” ifadəsi yer alıb. Məktubda həmçinin, “Əgər meydanda ədalət olmayacaqsa, sosial şəbəkələrinizdə də sakitlik gözləməyin” sözləri qeyd edilib.

AFA isə öz hesabından belə bir məktubun göndərilməsinin mümkün olduğunu təsdiqləsə də, onun təşkilat tərəfindən hazırlanmadığını və ya təsdiqlənmədiyini bildirib. Assosiasiya sistemlərinə icazəsiz giriş ehtimalının araşdırıldığını açıqlayıb və jurnalistlərdən insidentin miqyası tam müəyyənləşənədək şübhəli elektron məktublara məhəl qoymamağı xahiş edib.

Shares: