“Uimbldon” turnirində kişilər arasında finalçılar müəyyənləşib.
ATP reytinqinin lideri Yannik Sinner yarımfinalda “Böyük Dəbilqə” turnirlərinin 24 qat çempionu Novak Cokoviçi 6:4, 6:4, 6:4 hesabı ilə məğlub edərək həlledici görüşdə oynamaq imkanı qazanıb. 2 saat 21 dəqiqə davam edən qarşılaşmada italiyalı tennisçi 13 breyk imkanından 3-nü reallaşdırıb və 16 eys edib, serbiyalı raketka ustası isə əldə etdiyi yeganə breyk fürsətindən yararlana bilməyib.
Bu qələbə Sinner üçün “Böyük Dəbilqə” turnirlərində 99-cu olub. O, eyni zamanda karyerasında 7-ci dəfə “Böyük Dəbilqə” yarışının finalına yüksələrək bu göstəricidə Daniil Medvedevi geridə qoyub və “Uimbldon”un finalında ən azı iki dəfə oynamaq hüququ qazanan ilk italiyalı tennisçi kimi tarixə düşüb.
Digər yarımfinalda isə “Rolan Qarros”un son qalibi Aleksandr Zverev reytinqdə 114-cü pillədə qərarlaşan britaniyalı Artur Feri ilə üz-üzə gəlib. 2 saat 15 dəqiqə davam edən görüşdə almaniyalı tennisçi yalnız ilk setdə ciddi müqavimətlə üzləşsə də, tay-brekdə üstün oyun nümayiş etdirib. Sonrakı iki setdə rəqibinə cəmi iki geym verən Zverev son hissəni 6:4 hesabı ilə başa vuraraq karyerasında 5-ci dəfə “Böyük Dəbilqə” turnirinin finalına yüksəlib. Finala vəsiqə qazanması sayəsində Aleksandr Zverev gələn həftədən etibarən ATP reytinqində Karlos Alkarası geridə qoyaraq ikinci pilləyə yüksələcək.
