“Qəbələ”nin yeni transferi Kərim Rossinin futbolinfo.az saytına müsahibəsi

– “Şamaxı”da fərdi baxımdan uğurlu mövsüm keçirsəniz də, orada qalmadınız. Bunun səbəbi nə oldu? Klub sizə yeni müqavilə təklif etmədi, yoxsa özünüz hansısa səbəbə görə “Şamaxı”nı başqa komandaya dəyişmək istədiniz?

– “Şamaxı” tərəfdən mənə yeni müqavilə təklif olundu, lakin maliyyə və ailə səbəblərinə görə müqaviləni uzatmamağı seçdim. Ailəmlə birlikdə daha bir mövsümü hoteldə keçirmək çox çətin idi, buna görə də orada qala bilmədim. İndi isə Qəbələdə mənə ev verilib və uşaqlarım üçün çox yaxşı şərait yaradılıb.

– Açığı, daha iddialı kluba keçəcəyiniz gözlənilirdi. Başqa klublardan təklifiniz yox idi? “Qəbələ”nin ötən mövsümü 11-ci pillədə bitirməsini nəzərə alsaq, qərar verərkən tərəddüd etdinizmi?

– Yay transfer dönəmində Premyer Liqanın bir çox klubu mənə müqavilə təklif etdi. Xarici klublardan da maraq var idi. Lakin mən “Qəbələ”ni seçdim, çünki Azərbaycanda qalmaq istəyirdim və bu, zəngin tarixə malik bir klubdur. “Qəbələ” məni həqiqətən heyətində görmək istəyirdi və mənə böyük etimad göstərdi. Burada qarşıdakı iki ili əhatə edən bir layihə var. İşləmək üçün yaxşı şəraitimiz, həmçinin bu liqada uğur qazanmış baş məşqçimiz var. Buna görə də mənim üçün ən doğru seçim məhz “Qəbələ” oldu.

– “Qəbələ”nin yeni mövsümdə hədəfi nə olacaq və fərdi baxımdan qarşınıza hansı məqsəd qoymusunuz? Mövsümü neçə qolla bitirmək niyyətindəsiniz?

– Klubun böyük hədəfləri var. “Qəbələ” kimi bir klub turnir cədvəlinin son iki pilləsində olmamalıdır. Bu komanda daha yuxarı yerlərdə qərarlaşmağa layiqdir. Buna görə də bu mövsüm əsas məqsədimiz vəziyyəti dəyişməkdir. Yaxşı mövsüm keçirmək və ötən sezondan daha uğurlu nəticələr qazanmaq üçün əlimizdən gələni edəcəyik. Hücumçu kimi isə mənim üçün qol töhfələrində (qollar və assistlər) iki rəqəmli göstəriciyə çatmaq həmişə vacib hədəfdir.

– Yeni klubuna tam olaraq uyğunlaşmağınız nə qədər vaxt alacaq?

– Azərbaycanda qalmağı seçdim, çünki həm liqanı, həm də buradakı insanları yaxşı tanıyıram. Düşünürəm ki, buna görə yeni komandama uyğunlaşmaq üçün uzun vaxta ehtiyacım olmayacaq.

– Ötən mövsüm liqada gərgin rəqabətin şahidi olduq. Sizcə, yeni sezon daha rəqabətli keçə bilər?

– Düşünürəm ki, bu il çempionat daha çətin keçəcək. Liqaya yeni yüksələn “Şəfa” güclü komanda formalaşdırır, yaxşı heyət qurur. Digər komandalar da heyətlərini gücləndirməklə məşğuldurlar. Buna görə də çox maraqlı mövsüm olacağı qənaətindəyəm.

ABBAS

Shares: