“Komandadan ayrılmaq təşəbbüsü özümdən gəldi. Hesab edirəm ki, mənim üçün mövsüm uğurlu keçdi. Yaxşı oyunlarım kifayət qədər oldu”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Karvan-Yevlax”dan ayrılan Kamran İbrahimov deyib.

27 yaşlı qapıçı artıq yeni klubla müqavilə bağladığını desə də, hələlik komandanın adını açıqlaya bilməyəcəyini bildirib: “Artıq yeni klubla müqavilə bağlamışam. Ancaq klub hələ rəsmi açıqlama vermədiyi üçün adını deyə bilmərəm. Yeganə deyə biləcəyim odur ki, bu, I Liqa təmsilçisidir. Əlbəttə, Premyer Liqada qalmaq istəyirdim. Amma bu, təkcə mənim istəyimdən asılı deyil. Təəssüf ki, Premyer Liqa klublarından təklif almadım”.

İbrahimov legioner həyatı yaşamağın ən böyük arzularından biri olduğunu da vurğulayıb: “Ən böyük arzularımdan biri legioner həyatı yaşamaqdır. Təəssüf ki, indiyədək belə bir şansım olmayıb. Bu transfer dönəmində də xaricdən konkret variant olmadı”.

Təcrübəli qolkiper ötən mövsümdəki çıxışını dəyərləndirib. O, xüsusilə qapıçı məşqçisi olmadan göstərdiyi performansa diqqət çəkərək, Premyer Liqa klublarından təklif almamasını haqsızlıq hesab etdiyini bildirib: “Ötən mövsüm 15 oyunda meydana çıxdım ki, bu da çempionatın təxminən yarısı deməkdir. Zəif oyunlarım da oldu, amma yaxşı çıxışlarım daha çox idi. Hətta bəzi qapıçıların göstərə bilmədiyi performansı sərgilədiyimi düşünürəm. Dekabr ayına qədər 12-13 oyunda forma geyindim. Həmin dövrdə ən çox qol buraxan qapıçı olsam da, eyni zamanda liqada ən çox seyv edən qapıçı da mən idim. Bunu isə qapıçı məşqçisi olmadan bacarmışam. Hüseyn (H.Məhəmmədov – red.) müəllim U-17 millisinə görə komandada olmurdu, yalnız oyunlardan əvvəl isinmə məşqini keçirdi. Buna baxmayaraq, ən çox seyv edən qapıçı idim. Burada mənmi zəif idim, yoxsa komandam? Buna fikir verən yoxdur. Mənə qəribə gələn odur ki, cəmi 1-2 oyun keçirmiş bəzi futbolçular Premyer Liqa klubları ilə aylıq 4-5 min manatlıq müqavilələr bağladılar, mən isə I Liqaya getməli oldum. Düşünürəm ki, bu haqsızlıqdır. Bəzən elə təsəvvür yaranır ki, irəli getmək üçün təkcə oyun yox, arxanda güclü dəstək də olmalıdır”.

GÜNAY SÜLEYMANOVA

Shares: