UEFA Bolqarıstanın ÇSKA klubunun azarkeşləri ilə bağlı intizam araşdırmasına başlayıb.
Futbolinfo.az xəbər verir ki, bu səbəbdən “Qarabağ”la səfər matçına bilet satışı dayandırılıb.
Buna Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununda “Derri Siti” ilə matç zamanı yaşanan insidentlər səbəb olub. Həmin oyunda ÇSKA azarkeşləri ilə rəqib fanatlar arasında insident baş verib, nəticədə oyun 15 dəqiqə dayandırılıb.
Bolqarıstanın sportal.bg saytının yazdığına görə, UEFA ÇSKA-ya qarşı beş ittiham irəli sürüb. Bunlar tribunadan əşyaların atılması, stadiona ziyan vurulması, ictimai asayişin pozulması, irqçi və ya diskriminasiya xarakterli davranış, klub əməkdaşlarından birinin etik davranış qaydalarını pozmasıdır.
Klubun rəsmi saytında yayılan açıqlamada isə bildirilib ki, UEFA intizam işi yekunlaşana qədər Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”a qarşı Bakıda keçiriləcək oyuna ÇSKA azarkeşləri üçün bilet satılmamasını tövsiyə edib.
Buna baxmayaraq, Sofiya təmsilçisi azarkeşlərin iyulun 23-də keçiriləcək qarşılaşmada iştirak edə bilməsi üçün bütün imkanlardan istifadə edəcəyini vurğulayıb.
“Klubumuz UEFA qarşısında baş verən hadisələrlə, həmçinin “Derri Siti” klubunun və Şimali İrlandiya hakimiyyətinin təhlükəsizlik tədbirləri və oyunun təşkili ilə bağlı fəaliyyətləri barədə bütün arqumentlərini təqdim edəcək”.
ÇSKA eyni zamanda azarkeşlərini təmkinli olmağa çağırıb, aqressiv davranışları, xuliqanlıq, irqçi və ayrı-seçkilik xarakterli hərəkətləri qəti şəkildə pislədiyini bildirib.
Qeyd edək ki, “Qarabağ” – ÇSKA matçı iyulun 23-də Bakıda keçiriləcək. Cavab matçı isə ayın 30-da Sofiyada baş tutacaq.
