Türkiyə qadın voleybolçulardan ibarət millisi Millətlər Liqasının 2026-cı il mövsümündə yarımfinala yüksəlib.
Türkiyə yığması 1/4 finalda Kanada ilə qarşılaşmada 3:1 (22:25, 25:21, 25:21, 25:17) hesabı ilə qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb. Türkiyə millisi yarımfinalda ABŞ – Çin cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, qadın voleybolçular arasında Millətlər Liqasının “final səkkizliyi”ndə ABŞ, Çin, Türkiyə, Kanada, İtaliya, Niderland, Braziliya və Yaponiya yığmaları mübarizə aparır. Kanada millisi tarixində ilk dəfə turnirin həlledici mərhələsinə yüksəlib. Çin isə yarışın ev sahibi kimi final mərhələsində iştirak hüququ qazanıb.
Millətlər Liqasının son qalibi İtaliya millisidir. İtalyan voleybolçular 2025-ci ilin finalında Braziliyanı 3:1 hesabı ilə məğlub edərək çempion olublar.
