“Qarabağ”ın sabiq qapıçısı Luka Quqeşaşvili növbəti dəfə komandasını dəyişib.
Futbolinfo.az xəbər verir ki, Yunanıstanın PAOK klubunda çıxış edən gürcüstanlı qolkiper karyerasını Türkiyədə davam etdirəcək. Çünki Superliqa təmsilçisi “Göztəpə” 27 yaşlı futbolçu ilə anlaşıb.
Quqeşaşvili ilə müqavilənin bütün şərtlərini razılaşdıran “Göztəpə” rəhbərliyi indi də PAOK-la sonradan transfer etmək şərtilə icarə məsələsində ortaq məxrəcə gəlməyə çalışır. Keçidin yaxın müddətdə baş tutması gözlənilir.
Qeyd edək ki, tez-tez klub dəyişməsi ilə diqqət çəkən Luka Quqeşaşvili 2022-2024-cü illərdə “Qarabağ”ın formasını geyinib.
