“Həqiqətən də “Karvan-Yevlax” mənim üçün doğma komandadır. Orada həm I Liqada uğurlu mövsüm keçirdik, həm də yenidən Premyer Liqada çıxış etmək qismət oldu. Bu, mənim üçün böyük təcrübə idi. Bu il də komandada qalmağımı istəyirdilər, mənə yeni müqavilə təklif etdilər. Amma müəyyən səbəblərdən razılıq əldə olunmadı. Onlara bir daha təşəkkür edir, gələcəkdə uğurlar arzulayıram”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında İbrahim Qədirzadə deyib.
“Xankəndi” ilə 1 illik müqavilə imzalayan yarımmüdafiəçi yeni klubunu seçməsinin səbəblərindən danışıb. O bildirib ki, transfer qərarında klub rəhbərliyinin və baş məşqçinin ona göstərdiyi böyük maraq həlledici rol oynayıb: “Xankəndi”dən təklif gələndə çox sevindim. Uzun danışığa ehtiyac qalmadı, qısa müddətdə razılığa gəldik. Bu qərarı verməyimdə klub rəhbərliyinin və baş məşqçinin məni çox istəməsi əsas rol oynadı. Həmçinin uzun illər müxtəlif komandalarda birlikdə çıxış etdiyim dostum Bəhruz Teymurovun da böyük əməyi oldu”.
26 yaşlı futbolçu yeni komandasının hədəflərindən də danışıb: “Yeni yaradılmış komandayıq. I Liqanın səviyyəsi II Liqadan fərqlənir. İlk mövsümümüz olacaq. Çalışacağıq ki, komandamızın daha yüksək pillələrdə qərarlaşması üçün əlimizdən gələni edək”.
Qədirzadə baş məşqçi ilə ilkin söhbətinin olduğunu da qeyd edib: “Bu gün “Xankəndi” ilə ilk məşqimi keçirdim. Baş məşqçi ilə qısa söhbətimiz oldu. Düşünürəm ki, qarşıdakı günlərdə daha geniş danışacağıq. Əsas məqsədim komandaya kömək etməkdir. Bura da bunun üçün gəlmişəm. Yaxşı çıxış edib komandanın yuxarı pillələrdə yer almasına töhfə vermək istəyirəm”.
GÜNAY SÜLEYMANOVA
