ABŞ Nümayəndələr Palatasının üzvü Ceymi Raskin Beynəlxalq Futbol Federasiyasının prezidenti Canni İnfantino ilə bağlı araşdırma başladıb. Bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, Raskin dünya futbolunun idarəedici qurumunun ABŞ Prezidenti Donald Tramp və onun administrasiyası ilə əlaqələrini üzə çıxara biləcək sənədlərin təqdim olunmasını tələb edib. Bundan başqa, Raskin FIFA-nın Nyu-Yorkdakı qərargahı icarəyə götürdüyü bütün dövr ərzində təşkilatın Mayami və Nyu-York ofislərinə giriş-çıxış jurnallarının da təqdim edilməsini istəyib.

Məktubda həmçinin ABŞ Ədliyyə Nazirliyinin dünya futbolunda korrupsiya ilə bağlı hökumət araşdırmaları çərçivəsində təqsirləndirilən şəxslərə qarşı ittiham aktlarını ləğv etmək qərarından bəhs olunur. Söhbət 2015-ci ildə FİFA-nın 20-dən çox yüksək vəzifəli rəsmisi və idman marketinqi sahəsində çalışan rəhbərlərə qarşı aparılan cinayət təqibindən gedir.

Məktubun sonunda Raskin Canni İnfantinodan Nümayəndələr Palatasının Hüquq Komitəsi üçün keçiriləcək müsahibə çərçivəsində rəsmi ifadə verməsini də xahiş edib.

Shares: