“Sabah”ın yarımmüdafiəçisi Aleksey İsayevin futbolinfo.az saytına müsahibəsi

– KuPS üzərində hər iki matçda qələbə qazanıb növbəti mərhələyə vəsiqə qazandınız. Rəqibi və hər iki oyunu necə analiz edərdin?

– KuPS yaxşı təşkilatlanmış komandadır və öz ölkəsinin çempionudur. Onlara uğurlar arzulayıram. Oyunlar heç də asan keçmədi. Bilirdik ki, rəqib doğma meydanda ilk matçdakı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

– Səfər matçının ilk hissəsi heç də yaxşı keçmədi. Bunun səbəbin nədə görürsən?

– Sintetik örtük öz təsirini göstərdi. Həmin şəraitə uyğunlaşmaq və oyuna tam daxil olmaq üçün bizə bir qədər vaxt lazım oldu. Meydana uyğunlaşdıqdan sonra isə ikinci hissədə artıq öz oyunumuzu diqtə edə bildik.

– “Sabah” dörd oyunda qələbə qazanaraq həm ölkə reytinqinə mühüm töhfə verdi, həm də növbəti mərhələyə yüksəldi. Çempionlar Liqasına başlayanda buna inanırdınız?

– Klubumuzdakı hər bir insana inanıram. Axı, biz futbolu məhz birlikdə ən yüksək hədəflərə çatmaq üçün oynayırıq. Artıq minimum bir addımı atmışıq, indi isə işləməyə davam etməliyik.

– Komandanız tarixində ilk dəfə avrokubokların əsas mərhələsində oynayacaq. Sən isə bunu daha əvvəl “Qarabağ”ın heyətində yaşamısan. “Sabah”la əsas mərhələdə çıxış etmək və bu uğura gedən yolda əsas fiqurlardan biri olmaq sənin üçün nə ifadə edir?

– Bu hissləri sözlə ifadə etmək mümkün deyil. “Sabah”da belə uşaqlarla bir yerdə olduğum üçün çox xoşbəxtəm. Onlar mənim üçün ailə kimidirlər.

– Qarşıda daha çətin rəqiblər var. Həmin oyunlar barədə nə düşünürsən?

– Rəqibin kim olmasından asılı olmayaraq, bizi çətin mübarizə gözləyir. Hər rəqib kifayət qədər ciddidir. Əlimizdən gələni edəcəyik ki, meydandan müsbət nəticə ilə ayrılaq.

FƏRİD

Shares: