Perunun “Deportivo Munisipal” klubu maliyyə problemləri səbəbindən həvəskar liqaya düşüb və fəaliyyətini dayandırmaq təhlükəsi ilə üzləşib.

Paytaxt Limanı təmsil edən dördqat ölkə çempionu vəziyyətdən çıxmaq üçün olduqca qeyri-adi kampaniyaya start verib. Məqsəd kişi komandasının ölkənin üçüncü liqasında, qadın komandasının ikinci divizionda iştirakını təmin etmək, həmçinin akademiyanın inkişafına vəsait toplamaq olub.

Klub formadakı bir neçə böyük reklam sahəsi əvəzinə formanı 1000 kiçik reklam yerinə bölüb. Bu yerləri yerli şirkətlər, kiçik sahibkarlar və hətta adi azarkeşlər də ala biliblər. Qiymətlər 25-150 avro arasında dəyişib.

Sponsorlar bunun qarşılığında sosial şəbəkələrdə reklam, biletlərə və klub atributikasına endirimlər, həmçinin futbolçular vasitəsilə öz bizneslərini tanıtmaq imkanı əldə ediblər.

Nəticədə “Deportivo Munisipal” formasındakı 1000 reklam yerinin hamısını sata bilib. Kampaniyanın bütün yerləri təxminən üç ay ərzində satılıb və toplanan vəsait klubun bir illik xərclərini qarşılamağa kifayət edib.

Layihə klub tərəfindən “McCann” Lima reklam agentliyi ilə birlikdə hazırlanıb. Kampaniya 2026-cı ilin yayında dünyanın ən böyük reklam və kreativ marketinq festivallarından biri olan “Cannes Lions-2026″da baş mükafata layiq görülüb.

Shares: