“Zirə”yə “Torpedo”, “Neftçi”yə “Dinamo”, “Qarabağ”a ÇSKA… Siyahı davam edir. “Qarabağ”ın növbəti dəfə qismətinə “Dinamo” düşdü.

Bəli, bu mövsüm klublarımız  avrokuboklara keçmiş SSRİ və sosialist ölkələrində populyar olan klub adlarının əhatəsinə düşdü. Təəssüf ki, UEFA Avropa Liqası ilə vidalaşan “Qarabağ” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində mübarizə aparamalı olacaq. “Neftçi”nin uduzduğu Minsk “Dinamo”sunun kiyevli adaşı olan Ukraynanın ən titullu klubu ilə qarşılaşacağıq.

Avropa futbolunda zəngin tarixə və böyük ənənələrə malik olan paytaxt təmsilçisi uzun illərdir ki, qitə səhnəsinin tanınmış komandalarından biri hesab olunur. Demək olar ki, bir əsrə yaxın tarixə malik olan “Dinamo” həm SSRİ, həm də müstəqil Ukrayna futbolunda silinməz iz qoyub.

Düzdür, onlar da UEFA Avropa Liqasında PAOK-la bacarmayaraq bizim kimi bir qədər aşağı səviyyəli turnirə yuvarlandılar. Növbəti həftə isə böyük keçmişi olan klubla son illərin yüksəlişdə olan komandasından biri mübarizəni dayandıracaq. Ümid edirik ki, “Qarabağ” yoluna davam edəcək. Amma gəlin, hər şeydən əvvəl – bir qədər qəribə səslənsə də – “Dinamo”nu yaxından tanıyaq.

images 9 4 - Futbolinfo.az

Kiyev “Dinamo”su 1927-ci ildə yaradılıb və həmin vaxt SSRİ-nin “Dinamo” idman cəmiyyətinin tərkibinə daxil olub. Klubun peşəkar futbol komandası sonradan formalaşsa da, məhz 1927-ci il onun rəsmi yaranma tarixi hesab olunur.

“Dinamo” 1936-cı ildən etibarən SSRİ-nin yüksək liqasında mübarizə aparmağa başlayıb və diqqətçəkən məqamlardan biri odur ki, nə sovet dövründə, nə də Ukrayna çempionatında heç vaxt aşağı dəstəyə yuvarlanmayıb.

SSRİ çempionatının ilk onilliklərində Moskva klubları futbola hökmranlıq etsə də, Kiyev təmsilçisi tədricən bu hegemonluğa son qoyan əsas qüvvəyə çevrilib. Klub 1961-ci ildə SSRİ çempionu olmaqla Moskva komandalarının uzun illər davam edən hegemonluğuna son qoyaraq çempion olan ilk qeyri-Moskva təmsilçisi kimi tarixə düşüb. Bu uğur təkcə idman hadisəsi deyil, həm də Ukrayna futbolunun yüksəlişinin rəmzi hesab olunur.

1960-cı illərdən etibarən “Dinamo” SSRİ futbolunun aparıcı komandalarından birinə çevrilib. Klub ölkə çempionatlarında və kubok yarışlarında mütəmadi olaraq mükafatçılar sırasında yer alıb, eyni zamanda Avropa arenasında da öz sözünü deməyə başlayıb.

images - Futbolinfo.az

Klub tarixinin ən parlaq dövrü əfsanəvi baş məşqçi Valeri Lobanovskinin rəhbərliyi ilə yaşanıb. Onun rəhbərliyi altında “Dinamo” sürətli, intizamlı və elmi yanaşmaya əsaslanan futbolu ilə bütün Avropanın diqqətini cəlb edib. Məhz həmin illərdə komanda SSRİ çempionatlarında çoxsaylı çempionluqlar qazanıb və Avropanın ən güclü kollektivləri sırasında yer alıb.

1975-ci il Kiyev klubunun tarixində xüsusi yer tutur. “Dinamo” UEFA Kuboklar Kubokunu qazanaraq Avropa miqyasında böyük uğura imza atıb. Ardınca UEFA Superkubokunda Almaniya “Bayern”ini iki oyunun nəticəsinə əsasən məğlub edərək növbəti beynəlxalq kubokunu qazanıb. 1986-cı ildə isə komanda ikinci dəfə UEFA Kuboklar Kubokunun qalibi olub və Avropa futbolunun zirvəsindəki yerini bir daha təsdiqləyib.

Kiyev təmsilçisi SSRİ dövründə ümumilikdə 13 çempionluq və 9 ölkə kuboku qazanıb. 1991-ci ildə SSRİ dağıldıqdan sonra da klub öz lider mövqeyini qoruyub. “Dinamo” müstəqil Ukrayna çempionatının ilk illərində ardıcıl çempionluqlarla ölkə futbolunda dominant qüvvəyə çevrilib və bu günə qədər 17 dəfə Ukrayna Premyer Liqasının qalibi olub. Bundan başqa, komanda 11 dəfə Ukrayna Kubokunu başı üzərinə qaldırıb.

1990-cı illərin sonlarında Andrey Şevçenko, Sergey Rebrov, Aleksandr Şovkovski kimi futbolçuların yetişdiyi “Dinamo” yenidən Avropada səs salıb. Valeri Lobanovskinin rəhbərliyi altında komanda 1998/99 mövsümündə UEFA Çempionlar Liqasında yarımfinala qədər irəliləyib. Klubun yetirmələri uzun illər həm SSRİ, həm də sonradan Ukrayna millisinin əsas sütunlarını təşkil edib.

Bu gün də Kiyev “Dinamo”su Ukraynanın ən titullu və ən nüfuzlu futbol klublarından biri sayılır. Gerbindəki üç ulduz komandanın yüksək liqada qazandığı 30 çempionluğu simvolizə edir, klub isə “Frans Press” agentliyi tərəfindən XX əsrdə Şərqi Avropanın ən yaxşı futbol klubu kimi tanınıb.

ef35685e4624e9670e56349282d2be2e - Futbolinfo.az

Belə zəngin tarixə və böyük ənənələrə malik rəqiblə qarşılaşacaq “Qarabağ”ı asan sınaq gözləmir. Lakin Ağdam təmsilçisi son illərdə Avropa arenasında qazandığı təcrübə ilə belə adlı-sanlı kollektivlərə qarşı uğurlu çıxış edə biləcəyini dəfələrlə nümayiş etdirib. Qarşıdakı iki oyun həm iki fərqli futbol məktəbinin, həm də Avropa səhnəsində böyük tarixə malik iki klubun maraqlı mübarizəsi kimi diqqət mərkəzində olacaq. Hərçənd, qəbul etmək lazımdır ki, Rusiyanın Ukraynaya hücumundan sonra “Dinamo” çox zəifləyib. Amma o da var ki, ÇSKA ilə oyunda yenilənmiş “Qarabağ”dan istədiyimiz oyunu görmədik.

TAHİR MİRZƏ

Shares: