Sovet basketbolunun əfsanələrindən biri, SSRİ-nin əməkdar idman ustası İvan Yedeşko 81 yaşında vəfat edib. Bu barədə Moskva ÇSKA-sının mətbuat xidməti məlumat yayıb.
Yedeşko qalmaqalla yadda qalan 1972-ci il Münhen Olimpiadasının finalında etdiyi və tarixə “qızıl ötürmə” kimi düşən assistin müəllifi kimi yadda qalıb. O, SSRİ millisi ilə dünya çempionu, ikiqat Avropa çempionu olub, həmçinin ÇSKA-nın heyətində Avropa Çempionlar Kubokunu və səkkiz SSRİ çempionluğunu qazanıb.
Basketbolçu karyerasını başa vurduqdan sonra məşqçiliyə başlayan Yedeşko 1982-ci ildə SSRİ millisinin məşqçilər korpusunda dünya çempionu adını qazanıb. O, həmçinin ÇSKA-da baş məşqçi və köməkçi məşqçi kimi üç dəfə Rusiya çempionu olub.
