“Bayıl Arena” “işğaldan qurtuldu”. Artıq bu idman qurğusu da futbola xidmət edəcək.
İllərdir AFFA-nın balansında olan, amma qurumun sabiq icraçı vitse-pezidenti Elxan Məmmədova xidmət edən stadion indi tam azaddır. Dünən Bakı Futbol Federasiyasının təşkil etdiyi “Sabahın Ulduzları” yarışının açılış mərasimində buna şahid olduq. Əsaslı təmir edilən “Bayıl Arena” Məmmədovun nüfuz dairəsindən çıxıb, əlaltılarından təmizlənib. Ona görə də bura artıq futbolla nəfəs alır.
AFFA-nın yeni rəhbərliyi uşaq futbolundakı çoxsaylı problemlərin həlli istiqamətində ilk addımlardan birini ataraq buranı uşaq-gənclər futbolunun mərkəzinə çevirmək qərarına gəlib. Bu işdə nailiyyətlərinə, səriştəsinə, təcrübəsinə baxmayaraq, illərdir süni şəkildə futbol təsərrüfatından kənarda saxlanılan Tahir Süleymanova güvənilməsi, onun təkliflərinin nəzərə alınması ikinci doğru addımdır. Və sabiq FIFA referisi əsl futbol adamı olduğunu bu sahəyə dönüşündəcə göstərdi.
Dünən “Bayıl Arena” bayram yerinə dönmüşdü. Uşaqlar sanki Çempionlar Liqasında mübarizə aparacaqmış kimi təntənə gördü. Detallara varmayacağıq, qısaca yazaq ki, Bakı Futbol Federasiyası əla mərasim hazırlamışdı, təşkil etdiyi yarışın isə bütün uşaq liqaları üçün nümunə olacağı şübhə doğurmur.
Azyaşlıların projektor işığı altında oynaması, hər cür qayğıya layiq bilinməsi onların gələcək karyeralarına ümidini də artıracaq. Ulduzlar gecələr bərq vurur, BFF də “Sabahın Ulduzları”nın dönüşünü gecə vaxtı rəsmən elan etdi. Ulduzların parlaqlığı Məmmədovun dəstəsinin gözlərini kor etməsə yaxşıdır. Zatən başları qazanmağa, talamağa qarışmış, gözləri kor olmuş, ölkə futbolunun inkişafını unutmuşdular.
ABBAS



