UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq Kiyev “Dinamo”su matçın hazırlıqlarına başlayıb.
Futbolinfo.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, komanda dünən yenidən bir araya gəlib.
Avropa Liqasının 2-ci təsnifat mərhələsində Yunanıstanın PAOK-una uduzan ukraynalılar qısa istirahətin ardından Polşanın Lublin şəhərində məşqləri bərpa edib. İlk gündə futbolçular əsasən bərpa məşqləri keçib, trenajor zalında hazırlaşıblar.
“Dinamo” İqor Kostyukun rəhbərliyi altında bu gün və sabah axşam saatlarında bir məşq keçəcək. Avqustun 5-də isə oyunöncəsi son məşq nəzərdə tutulub.
Hazırlıq zamanı komanda daxilində ab-havanın heç də ürəkaçan olmadığı, futbolçuların məyus və həvəssiz göründükləri yazılıb. Bu isə Avropa Liqasında Yunanıstan PAOK-una məğlubiyyətdən qaynaqlanır.
Qeyd edək ki, “Dinamo” ilə “Qarabağ” arasında ilk oyun avqustun 6-da Polşanın Lublin şəhərində keçiriləcək.
