Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə Veloparkda həvəskar velosipedçilər arasında Federasiya Kuboku yarışı keçirilib.

Futbolinfo.az xəbər verir ki, yarışda 50-yə yaxın idmançı mübarizə aparıb və qaliblər üç yaş kateqoriyası üzrə müəyyənləşdirilib.

Yarışdan əvvəl 46 yaşını qeyd edən iştirakçı Rəfael Qasımova Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən xatirə hədiyyəsi təqdim olunub.

35-49 yaş kateqoriyasında kişilər arasında 34 km məsafəyə keçirilən yarışın qalibi Məhəmməd Ələkbərov olub. Ziyad Vəliyev ikinci, Nəbi Abbasov isə üçüncü yeri tutub.

50 yaşdan yuxarı kişilər arasında 17 km məsafəyə yarışda Etibar Həsənov birinci olub. Yusif Nəcəfov ikinci, Fizuli İsmayılov isə üçüncü pillədə qərarlaşıb.

Qadınların 17 km məsafəyə yarışında isə Natalya Vallek bütün rəqiblərini qabaqlayaraq qalib adını qazanıb. Yelena Dubentsova ikinci, Ülfət Nəzərli isə üçüncü yeri tutub.

Qaliblərə və mükafatçılara medallar və hədiyyələr Azərbaycan Velosiped İdmanı Federasiyasının icraçı vitse-prezidenti Fikrət Hüseynov və federasiyanın idman direktoru Vladimir Buşanskiy tərəfindən təqdim edilib.

Shares: