Cənubi Koreya Futbol Assosiasiyasının (KFA) ölkədə keçirilən beynəlxalq oyunlardan əvvəl və sonra xarici hakimlərin masaj salonlarına və böyüklər üçün nəzərdə tutulan əyləncə məkanlarına getməsini maliyyələşdirdiyi məlum olub.

“Yonhap” agentliyi bu barədə ölkənin Mədəniyyət, İdman və Turizm Nazirliyinin hesabatına istinadən məlumat yayıb.

Yoxlama 2016-cı ildə aparılıb və 2011-ci ilin martından 2012-ci ilin martına qədər olan dövrü əhatə edib. Sənədə əsasən, sözügedən xərclər KFA-nın korporativ bank kartları ilə ödənilib və məsələ 2024-cü ildə Hon Myonq Bonun milli komandaya baş məşqçi təyin olunması ilə bağlı hazırkı araşdırma fonunda yenidən gündəmə gəlib.

Söhbət yeddi beynəlxalq oyunda iştirak edən təxminən 12 hakim və koordinatorun xərclərindən gedir. Onlar Yaponiya, BƏƏ, İran, Bəhreyn və Özbəkistanı təmsil ediblər. Həmin görüşlər arasında 2012-ci il Olimpiadasına və 2014-cü il dünya çempionatına seçmə oyunlar da olub.

KFA-nın keçmiş əməkdaşları bəzi xarici hakimlərin özlərinin böyüklər üçün nəzərdə tutulan məkanlara getməyi xahiş etdiklərini bildiriblər. Federasiyanın keçmiş rəhbərlərindən biri isə həmin dövrdə belə tələblərin yerinə yetirilməsini “adi təcrübə” adlandırıb.

Maraqlıdır ki, sözügedən epizodlarla əlaqəli 7 oyunun heç birində Cənubi Koreya millisi məğlub olmayıb. Komanda bu görüşlərin beşində qələbə qazanıb, ikisində isə heç-heçə edib. KFA-nın hazırkı nümayəndəsi uzun illər keçdiyi üçün korporativ kartlardan istifadənin yoxlanılmasının çətin olduğunu bildirib, lakin həmin hadisələrdən sonra federasiyada ciddi daxili qaydaların tətbiq edildiyini vurğulayıb.

Shares: