Bəzən bir komandaya dəstək olmaq üçün qələbə gözləmək lazım deyil. Əsl azarkeşlik məhz qələbənin olmadığı, qolların gəlmədiyi, ümidlərin sarsıldığı günlərdə özünü göstərir.
İndi “Qarabağ”ın qarşısında məhz belə bir gecə dayanır. Kiyev “Dinamo”su ilə ilk oyunda 0:1 hesablı məğlubiyyət, son üç matçda vurulmayan qollar, komandaya qoşulan yeni futbolçulardan gözlənilənlərin hələ tam alınmaması… Bunların hər biri azarkeşin narazılığı üçün kifayət qədər ciddi səbəbdir. Amma bütün bunların içində dəyişməyən bir həqiqət var: bu mübarizənin hələ sonu gəlməyib.
Futbolda ən asan şey qalibin yanında dayanmaqdır. Çempionlar Liqasının əsas mərhələsində güclü rəqibləri izləmək üçün stadiona axışmaq, hesab 3:0 olanda tribunaları doldurmaq, qol vurulanda ayağa qalxmaq, qələbədən sonra futbolçuların adını hayqırmaq çətin deyil. Əsl məsələ komanda büdrəyəndə onun yanında olmaqdır. Çünki “Dost dar gündə tanınar”. Bu gün “Qarabağ”ın ən çox ehtiyac duyduğu şey bəlkə də yeni transferdən, taktiki dəyişiklikdən və ya hansısa fərdi ustalıqdan əvvəl məhz həmin inamdır.
Bəli, komanda son oyunlarda istənilən futbolu nümayiş etdirməyib. Bəli, hücum xəttində problemlər var. Bəli, yeni futbolçuların bir qisminə böyük ümidlər bağlanmışdı və həmin ümidlərin hamısı hələ özünü doğrultmayıb. Bunları görməmək mümkün deyil. Amma futbolun gözəlliyi də elə bundadır: dünənki uğursuzluq sabahın nəticəsini əvvəlcədən yazmır. Bir qol bəzən bütün oyunun havasını dəyişir. Bir mübarizə epizodu tribunaları ayağa qaldıra bilər. Bir qələbə isə bir neçə həftəlik bütün narazılığı bir gecənin içində tarixə çevirə bilər.
Səfərdə müharibədən sonra çökən və əski günlərinin heç kölgəsi olmayan “Dinamo”ya 0:1 hesabı ilə uduzmaq ağırdır, amma faciə deyil. Qarşıda Bakıda oynanılacaq 90 dəqiqə var. Azərbaycan futbolunun ən böyük Avropa gecələrini yaşatmış bir stadionda oynayacağıq. “Dinamo” Polşada bir qol vurub üstünlük əldə etdi. İndi isə cütün taleyini Bakıda müəyyənləşdirmək lazımdır. Bunun üçün yalnız futbolçuların ayaqları yox, tribunaların səsi də “meydana çıxmalıdır”.
Təsəvvür edin: oyun başlayır, stadion doludur. İlk dəqiqələrdən tribunalar susmur. Hər mübarizə alqışla qarşılanır, hər topalma səs-küylə müşayiət olunur, hər hücumda on minlərlə insan eyni hissi yaşayır. Futbolçu meydanda yorulanda tribunadan səs gəlir. Komanda səhv edəndə fit səsi yox, dəstək eşidilir. Çünki futbolçu bəzən ayaqları ilə deyil, arxasında hiss etdiyi inamla qaçır.
Bəlkə də “Qarabağ”ın bu oyunda ilk qələbəsi məhz tribunada başlamalıdır. Çünki “Qarabağ” təkcə meydanda 11 futbolçudan ibarət komanda deyil. Bu klub illər ərzində bizim üçün müqəddəs bir ərazi, bir forma, bir gerb, bir şəhər və bir azarkeş topluluğundan daha böyük məna qazanıb. Bu komandanın Avropada qazandığı uğurların hər birində meydandakı futbolçular qədər, tribunadakı insanların da rolu var. Bəzən futbolçu qol vurur, amma həmin qolu illərlə gözləyən, ona inanan, onun üçün stadionu dolduran azarkeşdir. İndi isə həmin inamın növbəti sınağıdır.
Bəlkə kimsə deyəcək ki, “Niyə gedim? Üç oyundur qol vurmurlar”. Başqası deyəcək ki, “Yeni transferlər gözləntiləri doğrultmadı”. Digəri isə “İlk oyunu uduzmuşuq, onsuz da belə bərbad futbol oynayan komanda üçün rəqibi keçmək çətin olacaq” düşüncəsindədir. Bunların hamısı başadüşüləndir. Amma gəlin bir şeyi unutmayaq: azarkeş olmaq yalnız uğurun nəticəsini bölüşmək deyil, uğura gedən yolda onun bir parçası olmaqdır. Yıxılanı baltalamazlar…
Əgər komandanın səhvləri varsa, onları tənqid etmək olar. Əgər futbolçu zəif oynayırsa, bunu demək olar. Əgər nəticə ürəyimizcə deyilsə, narazılığımızı bildirmək də haqqımızdır. Amma yıxıldığı anda komandanı ayağa qaldırmaqla onu daha da yerə vurmaq arasında böyük fərq var. Cümə axşamı “Qarabağ” onu ayaya qaldıran azarkeşə ehtiyac duyacaq.
Həqiqətən də, futbolun yaddaşı qəribədir. Bu günün uğursuzluğu sabahın qəhrəmanlıq hekayəsinin ilk səhifəsi ola bilər.
Bəlkə həmin gecə bir futbolçu özünü tapacaq. Bəlkə yeni transfer ilk böyük oyununu məhz bu qarşılaşmada keçirəcək. Bəlkə uzun müddətdir gözlənilən qol nəhayət gələcək. Bəlkə “Qarabağ” birinci hissədə ümumi hesabı bərabərləşdirəcək, ikinci hissədə isə bütün stadionu ayağa qaldıracaq. Bəlkə də hər şey 90-cı dəqiqəyə qədər həll olunmayacaq. Amma bunların heç birini evdə oturaraq izləmək ürəkaçan olmayacaq.
Futbolda ən gözəl xatirələr əvvəlcədən yazılmır. Onlar yaşanır. Və unutmayaq: “Pis günün ömrü az olar”.
Bu gün qol vurmayan “Qarabağ” sabah qol vura bilər. Bu gün tənqid olunan futbolçu sabah qəhrəmana çevrilə bilər. Bu gün susqun görünən hücum xətti sabah bir oyunda bütün suallara cavab verə bilər. Futbol belədir – bəzən bir toxunuşla, bir zərbə ilə, bir qolla bütün hekayənin istiqamətini dəyişir. Həm də “Qarabağ” o uğuru qazanmaq üçün yayda hər şey edib – transferlər reallaşdırılıb, komanda əhəmiyyətli dərəcədə gücləndirilib. Bütün daşlar yerinə oturduqdan hər şey daha yaxşı olacaq, bu reallaşana kimi dəstək vacibdir.
Ona görə bu dəfə stadiona sadəcə oyuna baxmağa getməyək. Stadiona oyunun bir hissəsi olmağa gedək. Qoy “Dinamo” futbolçuları Bakıya gələndə qarşılarında yalnız “Qarabağ”ı yox, onun arxasında dayanan böyük tribuna ordusunu görsünlər. Qoy meydanda hər top uğrunda mübarizə aparan futbolçu arxasında minlərlə insanın nəfəsini hiss etsin. Qoy 90 dəqiqə ərzində bir nəfər də olsun “Qarabağ”ın tək olmadığını düşünməsin.
Çünki bəzən bir komandanı oyunda saxlayan ayaq deyil, səsdir. Bəzən bir futbolçunu qaçmağa məcbur edən taktika deyil, tribunadan gələn hayqırtıdır. Bəzən bir qolun başlanğıcı meydanda yox, tribunada qoyulur.
İndi seçim azarkeşindir. Narazılığımızı evdə oturaraq göstərmək də mümkündür. Amma komandanın taleyinin müəyyənləşəcəyi gecədə tribunada olmaq tamam başqa şeydir. Əgər bu komandanın uğurlarını birlikdə yaşamışıqsa, çətinliyini də birlikdə yaşamalıyıq. Çünki “Qarabağ” qələbə qazandığı gün bizim komandamızdırsa, məğlub olduğu gün də başqasının komandası deyil. O, bizim komandamızdır! Və indi onun bizə ehtiyacı var.
Bir qol lazımdırsa – o qol üçün səsimizi verək. İkinci qol lazımdırsa – ikinci dəfə ayağa qalxaq. Son dəqiqəyə qədər mübarizə lazımdırsa – son dəqiqəyə qədər susmayaq! Qoy o gecə Bakıdakı stadionda bir nəfərlik yer belə boş qalmasın! Qoy futbolçular meydana çıxanda qarşılarında səssiz tribunalar yox, onları son saniyəyə qədər arxasınca aparacaq bir divar görsünlər!
Qoy 0:1 hesabı son söz olmasın!
Çünki hələ 90 dəqiqə var!
Hələ ümid var!
Hələ “Qarabağ” var!
Stadiona gəl, səsini gətir, bu hekayənin növbəti səhifəsini birlikdə yaz!
TAHİR MİRZƏ
