Kiyev “Dinamo”sunun sabiq futbolçusu Oleq Salenko komandanın Ukrayna Premyer Liqasının 2-ci turunda “Veres” üzərində səfərdə qazanılan 2:1 hesablı qələbəni dəyərləndirib.
Futbolinfo.az xəbər verir ki, 56 yaşlı mütəxəssis nəticəyə baxmayaraq, oyunun ürəkaçan olmadığını düşünür.
Salenkonun fikrincə, Ukrayna klubu UEFA Konfrans Liqasının 3-cü turunda “Qarabağ”la cavab matçında eyni oyunu sərgiləsə, mərhələni adlamaya bilər: “Dinamo”nun iki bərabər səviyyəli heyəti yoxdur və komandanın ardıcıl səfərlərdən sonra ikinci oyunu keçirməsi də futbolçular üçün çətinlik yaradır. Komanda ölkə çempionatında “Veres”lə matçda qələbəni son dəqiqədə vurulan penalti qolu ilə qazandı. Əsas odur ki, “Qarabağ”la növbəti qarşılaşmada da belə qurtula bilsinlər. “Veres”ə qarşı sərgilənən oyun “Qarabağ” kimi daha güclü rəqib önündə təkrarlansa, komanda ciddi problemlərlə üzləşə bilər. Ümid edirəm ki, Azərbaycanda bəxt komandamızın xeyrinə olacaq”.
Qeyd edək ki, “Qarabağ” – “Dinamo” oyunu avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. İlk görüşdə kiyevlilər 1:0 hesablı qələbə qazanıb.
