“Düşünürəm ki, komandaya cəlb etdiyimiz futbolçular yaxşı səviyyədə və keyfiyyətli oyunçulardır. Çox ümid edirəm ki, onlar özlərini yaxşı tərəfdən göstərəcək və komandaya yaxşı futbol oynamaqda, çoxlu xal toplamaqda kömək edəcəklər”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze deyib.
Gürcü mütəxəssis seleksiya prosesinin hələ başa çatmadığını vurğulayıb. Onun sözlərinə görə, komandadan çoxsaylı futbolçunun ayrılması heyətin yenidən formalaşdırılmasını zəruri edib: “İlk növbədə seleksiya işindən danışmaq istəyirəm. Komandamızdan çox sayda futbolçu ayrılıb. Hazırda transfer prosesi hələ tam başa çatmayıb. Bu gün daha bir müdafiəçi komandaya qoşuldu. Mərkəz müdafiəçisi ilə müqavilə imzaladıq. Bundan başqa, daha bir mövqeyi də gücləndirmək istəyirik. Ona görə də seleksiya prosesi hələ tam yekunlaşmayıb”.
Sxadadze hazırlıq prosesində komandaya müxtəlif vaxtlarda qoşulan futbolçular arasında fiziki hazırlıq baxımından fərqin olduğunu qeyd edib: “Hazırlığa ilk gündən başlayan futbolçular sonradan komandaya qoşulanlarla müqayisədə fiziki baxımdan daha yaxşı vəziyyətdədirlər. Buna görə də çempionatın gedişində bu istiqamətdə üzərimizdə işləməliyik. Çalışacağıq ki, komandaya yeni qoşulan futbolçular da yaxşı fiziki və oyun formasına düşsünlər”.
Baş məşqçi “Qəbələ”nin qarşısına qoyulan əsas hədəfin rəqabətədavamlı və baxımlı futbol nümayiş etdirən komanda formalaşdırmaq olduğunu deyib: “Bu il, əslində, yeni komanda formalaşdırırıq. Əsas məqsədimiz yaxşı komanda qurmaq, keyfiyyətli və baxımlı futbol nümayiş etdirən kollektiv yaratmaqdır. Təbii ki, hər oyunda maksimum nəticə, maksimum xal uğrunda mübarizə aparacağıq və mümkün qədər çox xal toplamağa çalışacağıq”.
Sxadadze sonda “Qəbələ” azarkeşlərinə də müraciət edib. O, ötən mövsüm komandanın Premyer Liqada qalmasında tərəfdarların dəstəyinin böyük rol oynadığını vurğulayıb: “Azarkeşlərimizə də müraciət etmək istəyirəm. Ötən il bizim üçün çox ağır mövsüm oldu. Buna baxmayaraq, azarkeşlərimiz sonadək bizim yanımızda oldular. Onların dəstəyi bizim üçün çox böyük əhəmiyyət daşıdı və məhz onların dəstəyi ilə Premyer Liqada yerimizi qoruyub saxlaya bildik. Buna görə onlara sonsuz təşəkkürümü bildirirəm. Çox ümid edirəm ki, bu il azarkeşlərimizi daha çox sevindirə biləcəyik. İnanıram ki, onlar əvvəlki illərdə olduğu kimi, bu mövsümdə də daim bizim yanımızda olacaq, bizə dəstək verəcək və komandamızı ürəkdən dəstəkləyəcəklər”.
GÜNAY SÜLEYMANOVA
