Tarixində ilk dəfə UEFA Çempionlar Liqasında oynamaq imkanı qazanan “Sabah” debüt mövsümündə turnirin pley-offuna qədər irəliləyərək inanılmazı bacardı. Artıq Liqa mərhələsinə bir addım qalıb və bu yolda qarşısına İsrailin ən titullu klublarından biri olan Beer-Şeva şəhərinin “Hapoel” komandası çıxıb.

“Sabah” üçün bu, sadəcə növbəti mərhələ uğrunda mübarizə deyil, klub tarixində yeni səhifə açmaq imkanıdır. Qarşıdakı rəqib isə zəngin tarixə və Avropa arenasında kifayət qədər təcrübəyə malik komandadır.

1949-cu ildə yaradılan “Hapoel” İsrailin cənubundakı Beer-Şeva şəhərini təmsil edir. Qırmızı-ağ rəngləri ilə tanınan klub “Dəvələr” və “Cənubun qırmızıları” ləqəbləri ilə də məşhurdur. Komanda ev oyunlarını 16126 tamaşaçı tutumuna malik “Turner” stadionunda keçirir. Amma təbii ki, Yaxın Şərqdəki gərginliyə görə avrokubok matçlarını neytral meydanda lövbər salıblar.

Klubun ilk illəri aşağı liqalarda keçib və “Hapoel” yalnız 1965-ci ildə ilk dəfə İsrailin yüksək divizionuna yüksəlib. Komandanın İsrail futbolunda ilk böyük uğurları isə 1970-ci illərə təsadüf edir. Beer-şevalılar 1974/75 mövsümündə tarixində ilk dəfə ölkə çempionu olub, bir il sonra isə titulunu qoruyub. Bu uğurlar klubun İsrail futbolunda aparıcı qüvvələrdən birinə çevrilməsinin başlanğıcı sayıla bilər. Sonrakı illərdə komanda həm yüksək liqada mübarizə aparıb, həm də müxtəlif çətinliklərlə üzləşib. 1996/97 mövsümündə ilk dəfə İsrail Kubokunu qazanan “Hapoel” daha sonra maliyyə problemləri səbəbindən bir neçə dəfə aşağı liqaya düşüb.

IMG 2327 - Futbolinfo.az

Klubun tarixində əsas dönüş nöqtəsi 2007-ci ildə iş adamı Alona Barkatın “Hapoel”i alması ilə baş verib. Yeni rəhbərlik altında komanda tədricən güclənib və 2009-cu ildə yenidən yüksək liqaya qayıdıb. 2013/14 mövsümündə çempionatda ikinci olan Beer-Şeva təmsilçisi iki il sonra böyük fasilədən sonra yenidən zirvəyə yüksəlib. 2015/16 mövsümündə klub 40 ildən sonra üçüncü dəfə İsrail çempionu olub və həmin mövsümdə 29 oyunluq məğlubiyyətsiz seriya ilə yadda qalıb.

Bu yüksəliş “Hapoel”in Avropadakı nəticələrinə də təsir edib. 2016/17 mövsümündə komanda Çempionlar Liqasının pley-off mərhələsinə qədər irəliləyib. Daha sonra Avropa Liqasının qrup mərhələsində “İnter”i iki dəfə məğlub edən İsrail klubu tarixində ilk dəfə Avropa turnirinin qrup mərhələsindən növbəti mərhələyə yüksəlib. Sonrakı illərdə də “Hapoel”  mütəmadi olaraq UEFA klub turnirlərində iştirak edib və Avropa təcrübəsini artırıb.

İsrail futbolunda qazandığı titullar Beer-Şeva təmsilçisinin statusunu daha aydın göstərir. Klub ümumilikdə altı dəfə ölkə çempionu olub. Bundan başqa, komandanın aktivində dörd İsrail Kuboku, beş Superkubok və üç Toto Kuboku var. Yəni “Sabah”ın qarşısındakı rəqib təkcə tarixə malik komanda deyil, İsrail futbolunda son onilliklər ərzində ciddi nəticələr əldə etmiş və Avropa səhnəsində özünü sınamış klubdur.

Lakin bütün bu tarix və təcrübə qarşıdakı mübarizənin yalnız bir tərəfidir. Digər tərəfdə isə fantastik sürət yığan“Sabah” dayanır. Azərbaycan çempionu artıq bu mövsüm Çempionlar Liqasında yolunun təsadüfi olmadığını göstərib və indi qarşısında Liqa mərhələsinə vəsiqə kimi böyük bir hədəf var. “Hapoel” üçün bu, növbəti Avropa sınağıdırsa, “Sabah” üçün Azərbaycan futbolunun tarixində yeni zirvəyə çıxmaq fürsətidir. Məhz buna görə də komandamızı İsrail təmsilçisi ilə dueli təkcə iki komandanın deyil, “Sabah”ın Avropadakı iddiasının növbəti böyük imtahanı olacaq.

398172 - Futbolinfo.az

Bəli, rəqib “Srvena Zvezda”ya iki oyunda qol buraxmadan qalib gələn komandadır. Rəqib “Orhus”la müqayisədə daha təşkilatlanmış və müdafiədə intizamlı futbol oynayan komandadır. Gücləri nədir? Bunu oyun ərəfəsində müzakirə edəcəyik…

TAHİR MİRZƏ

Shares: