Kiyev “Dinamo”su UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Qarabağ”la cavab oyunu üçün Bakıya 25 futbolçu ilə gəlib.
Futbolinfo.az xəbər verir ki, Ukrayna klubu səfər matçına ciddi itkilərlə çıxacaq. Komandanın 7 futbolçusu Ukraynada qalıb.
Onlardan 3-ü əsas heyətin daimi üzvüdür. Belə ki, məşqçilər korpusu bugünkü qarşılaşmada qapıçı Ruslan Neşeret, yarımmüdafiəçi Aleksandr Pixalyonok və vinger Nazar Voloşinin yerinə başqa oyunçulara şans verməli olacaq. Onların hər üçü zədə səbəbindən Bakıya gətirilməyib.
Bundan əlavə, müdafiəçilər Denis Popov, Konstantin Vivçarenko, Vladislav Zaxarçenko və yarımmüdafiəçi Kirill Osipenko da zədə ucbatından bugünkü qarşılaşmada yer almayacaqlar.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Dinamo” oyunu saat 20:00-da başlayacaq. İlk matçda “Dinamo” 1:0 hesablı qələbə qazanıb.
