Sabah” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarka təmsilçisi “Orhus”u məğlub edərək (ümumi hesab 5:2) klub tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb.

Futbolinfo.az xəbər verir ki, oyundan sonra “Sabah” Futbol Klubunun prezidenti Maqsud Adıgözəlov Teleqraf-ın suallarını cavablandırıb.

– Maqsud müəllim, öncə “Sabah”ın avrokuboklarda mərhələ keçməsini şərh etməyinizi istərdik…

– Sevinirik, bizim üçün vacib oyun idi. Çünki Azərbaycanı təmsil edirik. Yolumuz davam edir, qarşıda oyunlarımız var. Çalışırıq ki, Azərbaycanı layiqincə təmsil edək. Bizim üçün vacibi odur ki, heç olmasa azarkeşlərimiz oyunlarımıza görə utanmasınlar. Fikrimcə, elə oyun nümayiş etdirməyi bacardıq. Azarkeşlərimizə minnətdarlığımızı bildiririk.

İnanın, “Orhus”un menecerləri ilə danışırdıq. Azərbaycan nadir ölkələrdəndir ki, dövlət futbola dəstək verir. Tək bizə yox, ölkə səviyyəsində bütün klublara dəstək göstərilir. Çempionlar Liqasında əlimizdən gələni edəcəyik ki, Azərbaycanı layiqincə təmsil edək.

– Birinci dəfədir Azərbaycan komandası Çempionlar Liqasında ilk dəfə çıxış etdiyi ildə iki mərhələ keçib və pley-offa yüksəlib. Bu barədə nə deyərsiniz?

– Biz həmişə deyirdik ki, komanda qurmaq yox, klub qurmaq istəyirik. Heç vaxt deməmişik ki, Çempionlar Liqasında və ya Konfrans Liqasında oynayacağıq. Avrokuboklara yollanarkən də bildirirdik ki, növbəti oyunu düşünürük. Çalışırdıq həmin mərhələni düşünək.

– Komanda Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel Beer-Şeva” klubuna uduzsa belə, Avropa Liqasının liqa mərhələsinə yüksələcəyi dəqiqdir. Bu, 9 illik tarixə malik “Sabah” üçün nə deməkdir?

– Doqquz il öncə bu yola necə başlamışıq, bu barədə düşünürük. Çempionlar Liqasının matçı oynanılan bu stadionda tam başqa şəraitlə fərqli komanda vardı. Bu gün isə qazandıqlarımıza görə qürur hissi duyuruq.

– Azarkeşləri düşündürən məsələlərdən biri də komandanın heyətidir. Hazırda Velko Simiç, Puxac, Mikels kimi futbolçuların Çempionlar Liqasında uğurlu çıxışından sonra onların “elçilərinin artacağını” və mümkün ayrılığı nəzərə alıb alternativlərini axtarırsınız? Məsələn, Aaron Maludanın ayrılacağını əksəriyyət gözləmirdi.

– Bu, normal prosesdir. Əlbəttə, komanda hansısa nəticəyə çatanda oyunçularına təkliflər də olur. Sadəcə, eelə bir mühit yaratmalıyıq ki, futbolçular özlərini burada xoşbəxt hiss etsinlər və komandadan getməsinlər. Bu il Mikelsə və Puxaca daha üstün təkliflər oldu. Amma onlar qaldılar. Niyə görə? Çünki başa düşürlər ki, bu komandada daha böyük uğurları ola bilər.

Əlbəttə, bəzi maliyyə məsələləri var ki, onları aşa bilmirik. Amma funksioner kimi əsas işimiz budur ki, elə bir mühit yaradaq, futbolçularımız buradan getmək istəməsinlər.

– Bəs yeni transferlər olacaqmı?

– İmkanlar olduqca transferlər edəcəyik. Azarkeşlərə demək istəyirəm ki, bütün yaxşı futbolçuları saxlamaq istəyirik. Amma komanda olaraq yox, klub olaraq inkişaf etməliyik. Bu baxımdan oyunçulara daha yaxşı təklif gəldiyi halda onları satmağa məcburuq və bu, normal prosesdir.

– “Sabah” yeni mövsümdə ev oyunlarını “Liv Bona Dea Arena”keçirəcək. Bəs komanda yeni ünvana vaxt köçəcək?

– Bu məsələ ilə bağlı işlər davam edir. Çalışırıq ki, avrokubokların qrup mərhələsinin oyunlarını “Liv Bona Dea Arena”da keçirək. Azərbaycan çempionatının oyunları da orada təşkil ediləcək. Amma qeyri-müəyyənliklər var. Biz bilmirik, Çempionlar Liqasının qrupuna düşəcəyik, yoxsa Avropa Liqasının.

Azərbaycanın iki stadionu var: biri Tofiq Bəhramov adına Respublika stadionu, digəri Bakı Olimpiya Stadionu, hər ikisi ÇL matçlarının keçirilməsi üçün UEFA-nın tələblərinə cavab verir. Bizə qalsa, Bank Respublika Arenada oynayarıq. Amma qaydalar tələb edirsə, ona uyğun hərəkət etməliyik.

– Çempionlar Liqasında uğurlu çıxışdan sonra növbəti mövsüm “Sabah” azarkeşlərinin sayının artacağını gözləyirsiniz?

– Baxaq, necə olacaq… Ümumiyyətlə, ötən mövsüm maraqlı çempionat oldu. “Sabah” – “Qarabağ” oyununa 22-23 min azarkeş gəldi. Əlbəttə, bu, “Qarabağ”a görə idi, amma “Sabah” üçün də gəlirlər.

Əsas məqsədimiz bu olmalıdır ki, ölkədə futbol mədəniyyətini formalaşdıraq, insanlar öz övladlarını da götürüb stadiona gəlsinlər. Avropadakı oyunlarda belə situasiya ilə rastlaşırıq. Minlərlə azarkeş ailəsi ilə – övladıyla, nəvəsiylə oyuna tamaşa etməyə gəlir. Fərqi yoxdur, komanda udur, ya uduzur, onlar komandaya azarkeşlik edirlər. İstərdik, o mədəniyyət bizdə də bərqərar olsun.

– Azərbaycan Premyer Liqasında növbəti həftədən yeni mövsüm start götürəcək. Hədəf çempionluqdur?..

– Əlbəttə. Doqquz il öncə bunu məndən soruşsaydınız, bəlkə fərqli cavab verərdim. Amma doqquz il öncənin reallığı ayrı idi, bugünün reallığı ayrı. İndi daha çətindir. Tarixə baxsaq, birinci dəfədən avrokuboklarda qrup mərhələsinə düşüb, çempionatda yaxşı nəticə verənlər də olub. İki cəbhədə oynamağın çox çətin olduğunu başa düşürük. Amma heç kim bilmir nəticə necə olacaq. Biz qüvvəmiz daxilində çalışacağıq. Əlimizdən gələni edəcəyik ki, yaxşı oyunumuzla azarkeşləri sevindirək.

– Uzun illər Azərbaycan futbolunda “Qarabağ”ın dominantlığı hökm sürürdü. Sizcə, “Sabah”ın nümunəsi digər klublarımız üçün də bir stimul olacaqmı?

Hər şey istəkdən asılıdır. İnanmıram, başqa klublar çempion olmaq istəməsin. Sadəcə, uğurun formulu tapılmalıdır. Buna görə hər kəs işini yaxşı görməlidir. Bəzi məqamlarda, ola bilsin, başa düşürsən ki, sən düz yolda deyilsən. Bizdə də elə hallar olub.

– “Qarabağ” mənim üçün möhtəşəm klubdur. Avropada oynayarkən hamımız “Qarabağ”a azarkeşlik edirdik. Onlar 12 ildir avrokubokların qrup mərhələsində Azərbaycanı çox uğurla təmsil edirlər. Həmişə deyirəm ki, “Qarabağ” olmasaydı, “Sabah”ın inkişafı belə tez baş tutmazdı. Ona görə ki, həmişə qarşımızda “Qarabağ”ı görür və çalışırdıq onlardan daha yaxşı olaq…

Amma uzun müddətdir ildən-ilə, mövsümdən-mövsümə daha yaxşı oynamağa çalışır və başa düşürdük ki, nəticə bu cür əldə olunur. Anlayırdıq ki, bu yol çətindir, amma düzgün yolu gedirik…

– “Sabah”a şübhə ilə fikirlərlə yanaşanlar da var. Həmin insanlara nə demək istərdiniz?

– İnanmıram, kimsə bir Azərbaycan klubuna dəstək verməsin, uğur qazanmasını istəməsin, ikirləşsin ki, “Sabah” irəli getməsin və ya nəsə olsun. Buna inanmıram və inanmaq istəmirəm…

Shares: