“San-Paulu”nun Boliviyada “Bolivar”la keçirəcəyi Cənubi Amerika Kuboku matçından əvvəl maraqlı hadisə yaşanıb.

Braziliya klubunun heyətini hava limanından mehmanxanaya, daha sonra isə La-Pasa aparmaq üçün sifariş edilən avtobusda 86,5 kiloqram marixuana aşkarlanıb. Boliviya polisi Koxabamba yaxınlığındakı Lokotal ərazisində avtobusu saxlayıb və sürücünün kabinəsindəki gizli bölmədə dörd kisə narkotik vasitə tapıb, iki sürücü və bir köməkçi saxlanılıb.

Maraqlıdır ki, avtobusun üzərində artıq “San-Paulu”nun loqosu olsa da, klubun futbolçuları həmin nəqliyyat vasitəsindən istifadə etməyib və hadisədən sonra onlara başqa avtobus təqdim olunub. “San-Paulu”nun nümayəndələri də bildiriblər ki, heyət saxlanılan avtobusla heç bir təmasda olmayıb.

Komandanın Boliviyadakı səfər planı isə yüksəklik amilinə görə xüsusi hazırlanıb: futbolçular əvvəlcə Santa-Krus-de-la-Syerrada qalmalı, 3 600 metrdən çox yüksəklikdə yerləşən La-Pasa isə matçdan bir neçə saat əvvəl yollanmalı idilər.

Shares: