Dünənki qələbə sıradan uğur deyildi. “Qarabağ” bəlkə də Kiyev “Dinamo”sunu yenməklə gələcəyini xilas etdi.
Təbii ki, klub yerindədir, əla baş məşqçisi, yaxşı heyəti var. Lakin Ukrayna təmsilçisinə məğlubiyyət inamsızlıq yarada bilərdi. Son mövsümün titulsuz başa vurulmasının ardınca Avropa Liqasından kənarlaşmanın stressi istər-istəmək ümidsizliyə səbəb ola bilərdi. “Qarabağ” faktiki yenidən qurulma dövründədir və məhz bu məqamda kiyevlilərin məğlub edilməsi kritik dönüş nöqtəsi sayılmalıdır.
Çempionlar Liqasındakı tarixi mövsümdən sonra sanki futbolçular Konfrans Liqasına barmaqarası yanaşır. Heç də hamının həvəslə mübarizə apardığını demək olmur. “Dinamo”nun sıradan çıxarılmasından sonra futbolçuların gözündə o qığılcımı, qələbə məmnuniyyətini görmədik. Qurban Qurbanovun ciddiyyəti olmasaydı, bəlkə heç oyuna motivasiya da olmazdılar.
Kiyev təmsilçisi hər nə qədər ideal vəziyyətdə olmasa da, təcrübəsi və əzəməti ilə yenə qorxulu rəqib sayılırdı. Polşadakı məğlubiyyətdən sonra revanş etmək həm də bu səbəbdən çətin alınacaqdı. “Qarabağ” isə lazım gələndə nəticəyə oynaya bildiyini göstərdi. Lazımi qollar vuruldu, top buraxılmadı və məsələ həllini tapdı.
Ağdamlıların uğuruna kölgə salmadan bəzi epizodlarda bəxtimizin gətirdiyini də qeyd etməliyik. “Dinamo”nun əlinə bir neçə şans düşmüşdü, qol vursaydılar, “Qarabağ”ın vəziyyəti dəyişməsi çətin olacaqdı. Bolqarıstan ÇSKA-sı ilə görüşdə olduğu kimi, möhkəm komandalara qarşı duellər təmsilçimiz üçün çətin keçir. Bəlkə də “Tvente” ilə oyunlar daha rahat olacaq. Çünki “Qarabağ” sərt intizamlı rəqiblərlə yox, futbol oynamağa çalışan komandalarla daha rahat olur. Niderland təmsilçisi ilə matçlar daha yaxşı olmalıdır.
Qurbanov isə axtarışdadır. Onun ilk oyunla müqayisədə bir neçə dəyişiklik etməsi, hətta qapıda da əvəzləməyə əl atması bir növ futbolçuları ayıltmağa, rəqabət yaratmağa hesablanmışdı. Əsas heyətin yenidən formalaşdığı dönəmdə risk fayda verdi. Düzdür, Kadi Borges hələ də özünə gəlməyib, yeni transferlərin heç də hamısı ümidi doğrultmur. Mərkəz hücumçusunun yoxluğu Qurbanovu burada rotasiyalara məcbur edir, Savonun dönüşünəcən Aleksey Kaşuka ümid bağlanılıb.
“Qarabağ” “Dinamo”ya qarşı yaxşı oynamadı, öyrəşdiyimiz komandadan xeyli fərqlənirdi. Amma bəlkə də kiyevliləri yalnız bu cür keçmək olardı. Qaliblər mühakimə olunmur. Əsas olan kritik məqamdan başıuca çıxılmasıdır. Bundan sonrasının daha yaxşı olması vacibdir və Qurbanov yəqin ki, Liqa mərhələsinə vəsiqə üçün pley-offda da mümkün olanı edəcək.
FƏRİD
