İspaniya La Liqasında yeni mövsümdən etibarən daxili çiplərlə təchiz olunmuş toplardan istifadə ediləcək.
“Connected Ball” texnologiyası VAR və yarımavtomatik ofsayd müəyyənləşdirmə sistemi ilə inteqrasiya olunacaq və İspaniya yüksək liqasının bütün oyunlarında tətbiq ediləcək. Bununla La Liqa bu mexanizmi tətbiq edən ilk milli turnir olacaq, hakimlər üçün isə İspaniya Hakimlər Texniki Komitəsinin rəhbərliyi ilə xüsusi təlim proqramı keçiriləcək.
2027/28 mövsümündən etibarən yeniliyin Sequndaya da tətbiqi planlaşdırılır. Sistemin əsasını “Kinexon” şirkətinin hazırladığı və “Puma”nın rəsmi oyun topuna inteqrasiya edilən radiotezlik sensoru təşkil edir; sensor topun mövqeyi və ona hər toxunuşun dəqiq anı barədə məlumatı real vaxt rejimində ötürür. Sensorun məlumatları stadionlarda quraşdırılan təxminən 12 antenadan ibarət şəbəkə vasitəsilə La Liqanın istifadə etdiyi texnoloji sistemə inteqrasiya olunur.
Texnologiya oyunçunun topla təmas anını dəqiq müəyyənləşdirərək ofsayd, əllə oyun, topun istiqamətinin dəyişməsi, künc zərbəsi, ikiqat toxunuş və digər mübahisəli epizodlarda qərarların daha obyektiv qəbul edilməsinə kömək edəcək.
Qeyd edək ki, oxşar texnologiyadan bu yaxınlarda keçirilən dünya çempionatında da istifadə olunub.
