“Qarabağ” Akademiyasında gənc legionerlərlə bağlı seçim prosesi davam edir. Bakıdakı baxışa dəvət olunan 18 yaşlı nigeriyalı hücumçu Viktor Ani Çidiokenin taleyi məşqlərdəki çıxışından sonra müəyyənləşəcək.
Məsələ ilə bağlı futbolinfo.az saytına danışan akademiyanın meneceri Nail Kərimov bildirib ki, futbolçu ilə bağlı ilkin fikir videomateriallar əsasında formalaşıb. Lakin onun real imkanlarını daha yaxından qiymətləndirmək üçün baxışa dəvət olunması məqsədəuyğun hesab edilib: “Viktor Ani Çidioke hazırda baxışa gəlib. İlk məşqinə çıxıb, bu gün isə növbəti məşqi var. Gəlməzdən öncə olan videolarını müəyyən qədər izləmişik, amma onlar tam məlumat almaq üçün kifayət deyil. Ona görə baxışa dəvət etdik. Əgər məşqçilər korpusunu qane etsə, o zaman futbolçu ilə müqavilə bağlanacaq və ilkin olaraq U-19 komandamızda çıxış edəcək. Orada özünü yaxşı göstərsə, mərhələli şəkildə ən yüksək səviyyəyə qədər gəlib çata bilər. Hücumçu baxışdan uğurla keçərsə, 1+1 illik müqavilə bağlamağı düşünürük”.
Kərimov “Qarabağ”ın transfer pəncərəsi başa çatana qədər daha bir neçə gənc futbolçunu baxışdan keçirməyi planlaşdırdığını deyib: “Başqa 1-2 futbolçu da var ki, transfer pəncərəsi bağlanana qədər onların da baxışdan keçməsi gözlənilir. Hansı özünü yaxşı tərəfdən göstərsə və şərtləri klubumuzu qane etsə, o zaman müqavilə imzalanacaq. Hələ yaşları azdır. Bu, onların özünü göstərməsi üçün bir platformadır. Hansısa biri ilə müqavilə bağlasaq, bir il ərzində özünü göstərməsi onun növbəti mərhələyə keçib-keçməyəcəyini aydınlaşdırmaq baxımından çox yaxşı imkan olacaq”.
GÜNAY SÜLEYMANOVA
