“Hər iki komanda çox yaxşıdır. Amma düşünürəm ki, “Hapoel” qrup mərhələsinə vəsiqə qazanacaq. Onlar komanda olaraq çox yaxşı görünürlər”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında azərbaycanəsilli israilli futbolçu Əmir Ağayev deyib.

Bir müddət “Sumqayıt”da çıxış etmiş yarımmüdafiəçi Çempionlar Liqasının pley-off mərhələsinin ilk görüşləri çərçivəsində baş tutacaq “Hapoel” – “Sabah” oyunundan danışıb:  “Hapoel”in yarımmüdafiəçiləri komandanın əsas gücüdür. Onlar bütün oyun boyu rəqibə böyük təzyiq göstərirlər. “Sabah” qalib gəlmək istəyirsə, bu təzyiqin öhdəsindən gəlməli və topa nəzarət etməyə çalışmalıdır. Onların zəif tərəfi müdafiəsidir”.

O, israillilərin 3-cü təsnifat mərhələsində “Srvena Zvezda”nı sıradan çıxarmaları barədə bunları deyib: “Futbolçuların bir-birinə çox bağlı olduğu komandadır və yaxşı enerjiləri var. Böyük adlar yoxdur, əsas üstünlülkləri fədakarlıqlarıdır. Serbiyalıları da belə sıradan çıxardılar”.

Ağayev Azərbaycan çempionatını izlədiyini və “Sabah”ın çıxışlarını yüksək qiymətləndirdiyini də bildirib: “Əlbəttə, sizin çox yaxşı çempionatınız var. “Qarabağ”ı çox izləyirəm. Amma “Sabah”ın ötən il və ümumilikdə yarandığı gündən gördüyü işlər heyrətamizdir. Onlar çox yaxşı komandadır və onlara qarşı oyunun asan olacağını düşünmürük”.

ABBAS

Shares: