“Qarabağ” Dieqo Rosa ilə bağlı Kiprin APOEL klubuna yeni təklif göndərib.
Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, Ağdam klubunun budəfəki təklifi daha cəlbedicidir.
Belə ki, Azərbaycan təmsilçisi braziliyalı yarımmüdafiəçini 200 min avro qarşılığında birillik icarəyə götürməyi planlaşdırır. Bundan əlavə, müqavilədə 23 yaşlı futbolçunun müəyyən sayda oyunda iştirak etməsi şərti qoyulub. Bu şərt yerinə yetiriləcəyi halda, “Qarabağ” gələn yay Rosa üçün 1 milyon avroluq məcburi satınalma opsionunu aktivləşdirməli olacaq.
APOEL tərəfi hələ də təklifi cavablandırmayıb. Onlar Rosanın xidmətində maraqlı olan digər klub olan “Neftçi”nin də təklifini görmək istəyirlər. Keçid reallaşarsa, Rosanın sabiq klubu “Bahia” da müəyyən məbləğ əldə edəcək.
Digər xəbərə görə, “Qarabağ” bu transferi reallaşdırmağa yaxındır. Ağdamlılar transfer pəncərəsi bağlanana kimi iki oyunçunun keçidini rəsmiləşdirmək istəyir və razılıq əldə edlənlərdən biri Rosadır.
