“Sabah”ın debüt mövsümündə Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməsi Avropa mətbuatının gündəmini zəbt edib. Sizə qısa xülasəni təqdim edirik
Avropa mediasında diqqət çəkən manşetlər:
• Goal.com: “Çempionlar Liqasının liqa mərhələsinə ilk dəfə yüksələn gənc Azərbaycan klubu “Sabah”ın tarixi və profili”. Sayt ayrıca klubun cəmi 2017-ci ildə yaradıldığını və doqquz il ərzində Çempionlar Liqasına çatdığını ön plana çıxarıb.
• ABŞ-nin “FOX Sports” telekanalı: “Sabah”ın dramatik pley-off qələbəsindən sonra Azərbaycan klubu Çempionlar Liqasında debüt edəcək”.
• İspaniyanın “AS” nəşri: “Sabah” 9 illik tarix və artıq Çempionlar Liqasında”. Yazıda “Hapoel Beer-Şeva” ilə oyundakı dramatik geridönüş, 2:1 hesablı ilk matçdan sonra “Sabah”ın əlavə vaxtda qələbə qazanması və Mütəllimovun 94-cü dəqiqədə vurduğu qol xüsusi qeyd olunub. AS həmçinin pley-off mərhələsi başlamazdan əvvəl “Sabah” – “Hapoel Beer-Şeva” qarşılaşmasını Çempionlar Liqasının əsas oyunlarından biri kimi təqdim edib. “Sabah”ın ilk oyunda 1:2 hesabı ilə məğlub olduğu və cavab matçında vəziyyəti dəyişməli olduğu vurğulanıb.
• Almaniyanın DPA agentliyinin materialını yayımlayan “Rhein-Zeitung”: “Lintsdə möcüzə: LASK ilk dəfə Çempionlar Liqasında”. Materialın əsas mövzusu LASK olsa da, yazıda “Sabah”ın da “Hapoel” üzərində 5:2 hesablı qələbə qazanaraq ilk dəfə Çempionlar Liqasının liqa mərhələsinə yüksəldiyi qeyd edilir.
• İngiltərənin “Sky Sports” saytı “Sabah” – “Hapoel Beer-Şeva” matçını ayrıca oyun səhifəsində geniş şəkildə təqdim edib. “Sabah”ın 5:2 hesablı qələbəsi, əlavə vaxtda vurulan qollar və ümumi 6:4 hesabı göstərilib. “Sky Sports”un materialında Mütəllimovun 90+4-cü dəqiqədə, Mbina və Mikelsin isə əlavə vaxtda vurduğu qollar ayrıca qeyd olunub.
• İtaliyanın “Tuttosport” nəşri: “Hapoel” Bakıda çökdü, “Sabah” Çempionlar Liqasına uçdu”. Məqalədə xüsusilə “Sabah”ın əlavə vaxtda 5:2 hesablı qələbəsi və İsrail klubunun 2:1-lik ilk oyun üstünlüyünü əldən verməsi vurğulanıb.
• İtaliyanın “Fanpage” səhifəsi: “Sabah” ilk dəfə Çempionlar Liqasına yüksəlir və Azərbaycanın tarixini yenidən yazır”.
• İtaliyanın “Corriere della Sera” nəşri: “Bakının “Sabah”ı ilk dəfə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazandı”.
• “Pan-African Football”: “UEFA Çempionlar Liqası: Mbina və Mikels əlavə vaxtda “Sabah”ı növbəti mərhələyə çıxardı”.
