Misli Premyer Liqasının iki klubu yeni transfer etdiyi futbolçuda Hepatit B virusu aşkarlanmasından sonra onlarla yollarını ayırıb.

Futbolinfo.az saytının məlumatına görə, söhbət “İmişli” və “Şəfa”dan gedir.

“İmişli”nin təxminən bir ay əvvəl müqavilə imzaladığı Domingos Sengui Hermenegildo (Pikas) və “Şəfa”nın heyətinə cəlb etmək istədiyi Aleksandr Abel tibbi müayinədən keçərkən onlarda Hepatit B aşkarlanıb.

“İmişli” Pikasla bağlı iki dəfə tibbi müayinə keçirib. İlk cəhddə şübhə qeydə alınıb. Bununla belə anlaşma rəsmiləşib. 25 yaşlı anqolalı hücumçunun ikinci testinin nəticəsi pozitiv olub. Bundan sonra klub dünən futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyini açıqlayıb.

E3d2 - Futbolinfo.az

“Şəfa”nın müqavilə imzalamaq üçün Bakıya dəvət etdiyi digər anqolalı Aleksandr Abel də tibbi müayinədən keçə bilməyib. Futbolçuda Hepatit B aşkarlanması səbəbindən tərəflər arasında rəsmi müqavilə imzalanmayıb və Abel Azərbaycandan yola salınıb.

Azərbaycanın Miqrasiya Məcəlləsinə əsasən, əcnəbilərin Azərbaycanda müvəqqəti yaşamaq üçün icazə alması zamanı onların sağlamlıq vəziyyəti də nəzərə alınır. Əgər şəxsdə qanunvericilikdə təhlükəli yoluxucu xəstəlik kimi müəyyən edilən xəstəlik aşkarlanarsa, ona müvəqqəti yaşamaq üçün icazə verilməyə bilər. Əgər həmin şəxsin artıq belə icazəsi varsa, icazə ləğv edilə bilər.

Xatırladaq ki, hazırda “Şamaxı”nın formasını geyinən Abdullahi Şuaybu da vaxtilə eyni problemlə üzləşmişdi. Belə ki, nigeriyalı hücumçu “Kəpəz”də olarkən 2023-cü ilin oktyabrında onda Hepatit B virusu aşkarlanıb. Bu üzdən Şuaybu komandadan uzaqlaşdırılmış və ölkəsinə qayıtmışdı. Şuaybu 2024-cü ilin iyulunda yenidən Azərbaycana qayıtmış və “Qəbələ” ilə müqavilə bağlamışdı. Ölkəsində olduğu müddətdə müalicə aldığı bildirilən oyunçu döndükdən sonra həm “Qəbələ”, həm də AFFA tərəfindən tibbi müayinədən keçmiş və nəticəsi neqativ çıxmışdı. Şuaybu ötən ilin yayında isə “Qəbələ”dən “Şamaxı”ya keçib və hazırda oradadır.

Shares: