Azərbaycanlı futbolçular Zamiq Əliyev və Mahir Emreli avrokuboklarda növbəti oyunlarına çıxıb.

Futbolinfo.az xəbər verir ki, heyətində Mahirin də yer aldığı Polşanın “Rakuv” komandası Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda Xorvatiyanın “Hayduk” klubu ilə qarşılaşıb.

İlk görüş 2:2 hesabı ilə başa çatmışdı. Polşanın Çenstoxova şəhərində keçirilən cavab matçında meydan sahibləri 2:3 hesabı ilə məğlub olublar.

“Rakuv”un ikinci qolunu 88-ci dəqiqədə Mahir Emreli vuraraq hesabı bərabərləşdirib. O, 89-cu dəqiqədə isə sarı vərəqə alıb. Qarşılaşmanın taleyi əlavə vaxtda həll olunub və qonaqlar üçüncü qolu vurublar.

Beləliklə, Mahir Emrelinin komandası avrokuboklarla vidalaşıb.

Bu oyunu azərbaycanlı FİFA referisi Əliyar Ağayev idarə edib.

Zamiq Əliyevin formasını geyindiyi Albaniya çempionu “Eqnatiya” isə Avropa Liqasının pley-off mərhələsi çərçivəsində səfərdə Norveçin “Lilleström” komandasının qonağı olub. Bu komandaların da ilk görüşü heç-heçə bitmişdi – 0:0. Cavab görüşündə 1:2 hesabıyla uduzan “Eqnatiya” Avroliqa ilə vidalaşıb. Zamiq bu görüşün 99-cu dəqiqəsində meydana buraxılıb.

Murad Məmmədovun komandası “Pafos” isə günü uğurlu nəticə ilə başa vurub. Konfrans Liqasının pley-offunda Albaniyanın “Dinamo” komandasını qəbul edən Kipr klubu evdə 4:2 hesablı qələbəyə sevinib və turnirin Liqa mərhələsinə yüksəlib. İlk oyunda qalib müəyyənləşməmişdi – 1:1. Murad bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

Shares: