“Sabah”ın Çempionlar Liqasındakı uğuru digər klubların rəhbərlərini daha çox sevindirdi. Xüsusilə “Araz-Naxçıvan”, “Sumqayıt”, “İmişli”, “Qəbələ”, “Şamaxı” kimi Premyer Liqa iştirakçılarının rəsmiləri papağını göyə atdı.

Təbii ki, səbəb təmsilçimizin qitə yarışlarının ən mötəbərində mübarizə aparacağı üçün digər klubların da qazanc əldə etməsidir. Ötən il “Qarabağ”ın sayəsində hər klub 1,6 milyon manat əldə etdisə, bu dəfə “Sabah”a görə havadan düşmə vəsait büdcələrə əlavə olunacaq.

İndi işbaz rəhbərləri olan klublar yeni transfer əməliyyatlarının planını cızır. Heç kim həmin vəsaiti infrastrukturun inkişafına, şəraitin yaxşılaşdırmasına sərf etməyi düşünmür. Hamının niyyəti çoxlu transfer etmək, bu məsələdəki əməliyyatlardan daha çox qamarlamaqdır.

Ötən il “Qarabağ”ın uğuruna görə gələn maliyyənin sərf olunma istiqamətləri barədə sorğu aparmışdıq və əksəriyyət pulu infrastruktura xərcləyəcəyini bildirmişdi. Ötən müddətdə bu istiqamətdə hansısa addım atıldığını görməmişik. Yəqin ki, yenə eyni şeylər baş verəcək. Bu səbəbdən AFFA, Klublar Komitəsi indidən müəyyən tədbirlər görməli, sözügedən vəsitin daha səmərəli istifadəsi üçün plan düşünməlidir.

Ötən il oyunlarını Qubada keçirən “İmişli”nin rəhbərliyi yeni stadion tikintisindən dəm vururdu. İndiyədək ilkin işlər başlamalı, mövsümün gedişində inşaat işləri bitməli idi. Lakin aylar keçib, Kamran Eyyubovdan xəbər yoxdur. Bu mövsümü Yevlaxda keçirib yenə zaman qazanırlar. AFFA güzəşt edir, onlar da dövlətin ayırdığı maliyyəni havaya sovururlar, üstəlik, başqa klubların qazandıqlarını da mədəyə ötürürlər.

Mərdəkan – Sumqayıt – Qəbələ – Şamaxı marşrutu üzrə hərəkət edən, hər 2-3 aydan bir hansısa şəhərdə məskən salan “Araz-Naxçıvan” da onun kimi – bircə doğma muxtar respublikaya gedib çıxa bilmirlər. Halbuki “Qarabağ” və “Sabah”ın sayəsində qazanılan pulla Naxçıvanda yeni stadion da tikmək olardı.

“Sabah”ın ÇL-in Liqa mərhələsndə iştirakına görə həmrəylik proqramı çərçivəsində hər klubumuza nə qədər vəsait ayrılacağı tam dəqiqləşməyib. Çox güman, “Qarabağ”a görə ödənilən vəsaitdən az olmayacaq. Riad Rəfiyev, Kamran Eyyubov, Zaur Axundov və başqaları indidən həmin pulları “xərcləyib”. Bu şəkildə klub idarə etməyə nə var? Dövlət pul verir, UEFA-dan gəlir, sponsorlar maliyyə ayırır, sən isə oturub xırıd edirsən…

VÜSAL MAHMUDOV

Shares: