“Qarabağ”da xətlər arasında hələ ki, problemlər var, tam uyğunlaşma baş verməyib, anlaşmalar istənilən səviyyədə deyil. Hücum xəttində yaradılan qol epizodları çox azdır, fərdi ustalıq baxımından da çatışmazlıq hiss olunur. Yeni gələn futbolçular hələ tam potensiallarını ortaya qoya bilmirlər. Buna zaman lazımdır”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında təcrübəli mütəxəssis Tərlan Əhmədov deyib.

Sabiq müdafiəçi “Qarabağ”da yeni komanda formalaşdığını bildirib: “Artıq yeni kollektiv formalaşır. Ən aparıcı futbolçuların demək olar ki, hamısı komandanı tərk edib. Yeni transferlər isə hazırda adaptasiya dövrü keçir. Əvvəlki oyunlardan hələ əsər-əlamət yoxdur. Əvvəllər əzəmətli “Qarabağ”ı görürdük, rəqibə təzyiq göstərir, çoxşaxəli hücumlar qururdu. Lakin son oyunlarda bunun tam şahidi olmadıq. Yeni futbolçular da qısa müddətdə komandaya uyğunlaşmalıdırlar. Çünki artıq Konfrans Liqasının pley-off mərhələsidir və Liqa mərhələsinə vəsiqə qazanılmalıdır. Futbolçular bunu çox tez dərk etməlidirlər. Liqa mərhələsinə düşsələr, orada artıq yüksək keyfiyyət, motivasiya, diqqət, əzmkarlıq və mübarizə nümayiş etdirmək lazım olacaq”.

Əhmədov buraxılan səhvlərin minimuma endirilməsinin belə kifayət etmədiyini vurğulayıb: “Buraxılan səhvlər minimuma endirilməli də deyil, ümumiyyətlə olmamalıdır. Artıq yüksək nəticələr əldə olunmalıdır. Çünki “Qarabağ” daha əvvəl Çempionlar Liqası və Avropa Liqasının Liqa mərhələsində çıxış edib. Bu baxımdan belə oyunlar artıq daha rahat keçməlidir. Epizodlar arasındakı anlaşmaların zəif olması, qol imkanlarının az yaradılması və mövcud şanslardan kifayət qədər istifadə edilməməsi üzərində çalışmaq lazımdır. İlk oyunda da bu amillər komandanın çıxışına təsir etdi və müəyyən məqamlarda rəqibə üstünlük verdi”.

Təcrübəli mütəxəssis “Tvente”nin də kifayət qədər ciddi rəqib olduğunu qeyd edib: “Tvente” son 10-15 ildə əvvəlki səviyyəsini hələ tam bərpa edə bilməyib. Amma Niderland çempionatında çıxış edən bu komandanın böyük keçmişi, tarixi və avrokuboklarda təcrübəsi var. Klubun büdcəsi də kifayət qədər böyükdür. Heyətdə yüksək keyfiyyətli və istənilən an oyunun gedişatını dəyişə biləcək futbolçular var. Buna baxmayaraq, “Qarabağ” səfərdə nə qədər çətinliklə üzləşsə də, istədiyi futbolu tam nümayiş etdirə bilməsə də, qalib gələrək bizi sevindirdi”.

Əhmədov cavab qarşılaşmasında “köhlən atlar”ın əsas məqsədinin oyuna nəzarəti ələ almaq olacağını düşünür: “Qarabağ” çalışacaq ki, ilk dəqiqələrdən nəticə əldə etsin. Çünki vaxt keçdikcə rəqib daha çox hücuma atılacaq. Lakin Ağdam təmsilçisi öz oyununu diqtə etməyə çalışacaq. Topa daha çox nəzarət etmək, rəqibin müdafiəsində boşluqlar yaratmaq və hücumları daha kəsərli, təhlükəli qurmaq əsas məqsəd olacaq. İnanmıram ki, hansısa ciddi dəyişiklik olsun. Çünki qısa müddətdə taktiki sistemdə köklü dəyişiklik etmək komandanı uğursuzluğa sürükləyə bilər. “Qarabağ”ın artıq formalaşmış oyun sistemi var və komanda bundan heç vaxt imtina etmir. Təmsilçimizin müdafiəsində isə hər zaman müəyyən boşluqlar yarana bilər. Çünki komanda hücuma meyilli olduğu və daha çox önə çıxdığı üçün arxa xətdə boş sahələr meydana gəlir. Bunu ötən il də gördük. “Nyukasl”, “Ayaks” və adını qeyd etmədiyim digər klublar həmin boşluqlardan məharətlə istifadə etdilər”.

Mütəxəssis Avropa səviyyəsində belə rəqiblərə qarşı maksimum diqqətli olmağın vacibliyini də vurğulayıb: “Məhz belə oyunlarda Avropa klublarına qarşı daha ehtiyatlı və diqqətli olmaq lazımdır. Çünki hər an sürpriz edə və nəticəni dəyişə biləcək komandalardır. Məğlub vəziyyətdə olsalar belə, qarşılaşmanın gedişində hər şeyi dəyişə bilərlər. Rəqibin hansı sistem və taktika ilə oynayacağını, hansı heyətlə meydana çıxacağını əvvəlcədən dəqiq bilmək mümkün deyil. Ola bilər ki, heyətdə dəyişikliklər etsinlər. Yəni hər bir ssenariyə hazır olmaq lazımdır”.

İlk görüşdə əldə olunan 1:0 hesablı qələbəyə toxunan mütəxəssis cavab matçında komandanın soyuqqanlı davranmalı olduğunu bildirib: “Komandamız ilk oyunda səfərdə qələbə qazanıb. Ona görə də cavab görüşündə soyuqqanlı davranmalı, rahat oynamalı və öz oyununu idarə etməlidir. Komanda daha çox topa sahib olmalı, rəqibi topsuz qoymalı və mümkün qədər onun müdafiə xəttində boşluqlar yaratmalıdır. Rəqib topa nəzarət etməyə çalışdıqca arxada boş sahələr buraxa bilər və bundan mütləq istifadə etmək lazımdır. “Köhlən atlar” bunu çox yaxşı icra edə bilir. Bununla yanaşı, nə qədər hücuma diqqət ayrılırsa, müdafiəyə də bir o qədər önəm verilməlidir. Çünki arxa xətdə boşluqlar yarana bilər. “Tvente” sıradan bir komanda deyil. Amma futbolçular daha keyfiyyətli hücumlar qursalar, ümumilikdə daha yaxşı oyun nümayiş etdirsələr və aralarındakı anlaşma yüksək səviyyədə olsa, düşünürəm ki, “Qarabağ” bu gün də rahat qələbə qazana bilər. Komanda qalib gəlmək üçün bütün imkanlarından maksimum istifadə edəcək”.

Əhmədov Azərbaycan futbolu üçün iki klubun avrokuboklarda yoluna davam etməsinin sevindirici hal olacağını bildirib: “Sabah” bizi necə sevindirdisə, “Qarabağ”ın da ikinci komandamız kimi bizi sevindirməsini istəyirik. Bir komandamızın Çempionlar Liqasında, digərinin isə Konfrans Liqasının liqa mərhələsində təmsil olunması hər halda sevindirici haldır”.

GÜNAY SÜLEYMANOVA

Shares: