Nyu-Yorkun Tayms-Skver meydanında Canni İnfantinonun FIFA prezidenti vəzifəsinə yenidən seçilməsinə qarşı banner yerləşdirilib.
“Daily Mail”in məlumatına görə, bannerin üzərində “FIFA liderə layiqdir, tacirə yox” yazılıb və “İnfantino getsin” həştəqindən istifadə olunub.
İyul ayında İnfantinonun FIFA-nın əsas kişi və qadın turnirlərinə nəzarət edəcək “FIFA Forward Enterprise” şirkətini yaratmaq planı məlum olub və təşkilat bu layihənin 4,2 milyard dollar gəlir gətirə biləcəyini açıqlayıb. Təşəbbüsə UEFA, KONKAKAF, Asiya Futbol Konfederasiyası və KONMEBOL qarşı çıxıb, Afrika Futbol Konfederasiyası, Argentina Futbol Assosiasiyası və bir sıra milli federasiyalar isə İnfantinonu dəstəkləyib.
56 yaşlı İnfantino 2016-cı ilin fevralından FIFA-ya rəhbərlik edir və təşkilatın növbəti prezident seçkiləri 2027-ci ilin martında Mərakeşdə keçiriləcək.

