“Sabah”ın UEFA Çempionlar Liqasında ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcəyi ilə bağlı xəbər gözlənilməz oldu. Hamı Liqa mərhələsi matçlarının Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacağını düşündüyü bir məqamda fərqli qərar verilməsi həm də çaşqınlıq yaratdı.
Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, klub bu addımı bir növ məcburiyyətdən atıb. Bakıya güclü rəqiblərin gələcəyi, xüsusilə “Barselona” ilə qarşılaşma planlara təsir edib. Oyunu izləmək üçün hətta Azərbaycandan kənardan xeyli müraciət var və Respublika stadionu yetərsizdir. Həm media nümayəndələrinin yerləşdirilməsi baxımından problem var, həm də bütün azarkeşlərə bilet çatdırılması mümkünsüzdür.
Bütün bunları nəzərə alan “Sabah” Bakı Olimpiya Stadionuna müraciət edib və müsbət cavab alıb. Məsələ UEFA ilə də razılaşdırılıb. Lakin qitə futbol qurumu razılıq bildirsə də, bu, yekun qərar deyil. Oktyabrın 13-də “Slaviya” ilə baş tutacaq ilk ev oyununadək bütün problemlər həllini tapmalıdır. Matç ərəfəsində UEFA nümayəndələri növbəti dəfə təftişə gələcək, hər şey qaydasında olsa, Liqa mərhələsinin oyunları 69 870 nəfərlik tutumu olan BOS-da keçiriləcək. Əks halda, 31 200 nəfərlik Respublika Stadionu variantına üstünlük veriləcək.
BOS-la bağlı narahatlıq buranın əsas meydançasında 3 ildən çox müddətdə futbol matçının keçirilməməsi ilə bağlıdır. Ölkənin ən nəhəng arenası sonuncu dəfə 2 avqust 2023-cü ildə “Qarabağ” – “Rakuv” görüşünü qəbul edib. Ondan sonra burada COP29, WUF13 və s. dövlət tədbrləri, konsertlər təşkil olunub. Bu səbəbdən stadionun ot örtüyü də yararsız hala düşüb, hətta hazırda, ümumiyyətlə, qazon yoxdur.
Təbii ki, 38 gün müddətində BOS-da yeni qazon salınması real deyil. Ota qulluq hər nə qədər sürətlə aparılsa da, ilk ÇL matçına hazır olması mümkün deyil. Lakin stadion rəhbərliyi çıxış yolunu tapıb və bu səbəbdən kluba “hə” cavabı verilib, UEFA da cavabla qane olub.
Əldə etdiyimiz məlumata görə, BOS-da hazırlıq işləri başlanıb, arenanın ÇL tələblərinə cavab verməsi üçün çatışmazlıqlar aradan qaldırılır. “Qarabağ” ilk dəfə ÇL-də qrupa düşərkən burada oynadığından təcrübə var və matçların təşkilində problem olmayacaq. Yalnız qazon hazır olmayacaq, bunun həlli üçün də variant düşünülüb.
Belə ki, ölkə xaricindən yüksək səviyyəli hazır təbii qazon gətiriləcək və meydançaya döşənəcək. Qısa müddətdə qulluqdan sonra problem tamamilə aradan qalxacaq. Yaxın günlərdə bununla bağlı rəsmi məlumatın verilməsi gözlənilir.
ABBAS

