Almaniyanın paytaxtı Berlində təşkil olunan qadınlar arasında basketbol üzrə dünya çempionatının qrup mərhələsinə yekun vurulub.
C qrupunda mübarizə aparan Türkiyə millisi çıxışını başa vurub. İlk iki oyunda Belçika və Avstraliya yığmalarına məğlub olan “ay-ulduzlular” bu dəfə Puerto-Riko basketbolçuları ilə bacarmayıb. 4-cü perioda 7 xal fərqilə öndə daxil olan qardaş ölkənin komandası son 10 dəqiqədə rəqibinin ciddi müqaviməti ilə üzləşincə, ardıcıl 3-cü dəfə məğlub olub: Puerto Riko – Türkiyə 75:74.
Bu qrupda keçirilən digər oyunda Belçika millisi Avstraliya seçməsinə 80:68 hesabı ilə qalib gələrək 1/4 finala vəsiqə qazanıb. Avstraliya ilə Puerto Riko basketbolçuları isə pley-ində mübarizə aparacaq.
A qrupunda Yaponiya yığmasını 79:59 hesabı ilə məğlub edən İspaniya komandası da birbaşa 1/4 finala yüksəlib. Almaniya ilə Yaponiya milliləri isə gücünü pley-ində sınayacaq.
B qrupunda Fransa son oyununda Nigeriya kollektivini 111:56 hesabı ilə darmadağın edərək adını 1/4 finala yazdırıb. Bu mərhələyə yüksəlmək üçün Macarıstanla Cənubi Koreya seçmələri də çıxışını davam etdirəcək.
D qrupunda isə ABŞ millisi 100 faizlik göstərici ilə yadda qalıb. Amerikalılar qrupun son matçında Çexiya basketbolçularını 105:64 hesabı ilə məğlubiyyətə uğradaraq 1/4 finalda yerini təmin edib. Çinlə İtaliya milliləri pley-ində azarkeşləri önünə çıxacaq.
Yeri gəlmişkən, pley-in mərhələsində basketbol həvəskarkları İtaliya – Avstraliya, Macarıstan – Yaponiya, Puerto Riko – Çin və Almaniya – Cənubi Koreya görüşlərini izləyəcək.

