2030-cu il Qış Olimpiadasının Fransa Alplarında keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin rəhbəri Edqar Qrospiron vəzifəsini tərk edəcək.
“Röyters”in məlumatına görə, onun istefasının cümə axşamı rəsmən təsdiqlənməsi gözlənilir. Qrospiron təyinatından 18 ay sonra idarəetmə problemləri və komitə daxilində yaranan fikir ayrılıqları fonunda postundan ayrılır.
Mənbənin sözlərinə görə, Qrospiron bu il Milanda keçirilən Qış Olimpiadası zamanı da vəzifəsindən uzaqlaşdırılmağa yaxın olub. Həmin vaxt baş direktor Siril Linett “aradan qaldırılması mümkün olmayan fikir ayrılıqları” səbəbindən istefa verib.
Qrospiron 2025-ci ilin fevralında Təşkilat Komitəsinə rəhbər təyin edilmişdi. 1992-ci il olimpiya çempionu olan keçmiş fransalı xizəkçi daha əvvəl də idarəetmə böhranı ilə üzləşmişdi.

