"Hazırda heç bir işlə məşğul olmuram. İş barəsində heç bir təklif, söhbət yoxdu. Biz futbolçu kimi püxtələşmişik. Lakin nəzəri cəhətdən bizim məşqçilikdə o qədər də biliyimiz yox idi. Bu səbəbdən AFFA-nın təşkil etdiyi seminarlara qatıldım. Bizim istedadlı yerli məşqçilər çox olsa da, heç bir klubda işləmirlər". Bu sözləri futbolinfo.az saytına açıqlamasında Tərlan Əhmədov deyib.
Gənc mütəxəssis son günlərdə "Rəvan" və "Neftçi"də baş vermiş məşqçi istefalarından və yerli məşqçilərə inamsızlıqdan danışıb:
"Şahin Diniyev və Nazim Süleymanovun istefaları haqda danışmaq istərdim. Hər halda bizim də taleyimiz belə yazılıb. Düşünmürəm ki, yerli məqşçilərə biganəlik sona qədər davam etsin. Hər yerdə yerli məşqçilərə tələb artır. Bunun kökünü klub rəhbərlərində axtarmaq lazımdı. Bir çox mütəxəssislərimiz işsizdi. Niyə yerli məşqçilərə inam olmasın? Deməli, səbəb başqa şeydədi. "Neftçi"də ancaq yerli məşqçilər işləyir. Bu da sevindirici haldı. Ancaq "Rəvan"ı başa düşmək olmur. Yerli məşqçini göndərib, əcnəbi gətirirlər. Daha sonra əcnəbi gedir və yerli məşqçi gəlir. Bu klubda nələrin baş verdiyini başa düşə bilmirəm".





