Ötən il avqustun 14-də AFFA-nın İcraiyyə Komitəsi (İK) yenidən bir araya toplaşmışdı. Komitə üzvləri həmin iclasda bir sıra qərarlar qəbul etmişdi. Bu məsələlərdən gündəmdən düşməyəni isə Premyer Liqada futbolçulara yeni limitinin qoyulmasıydı. Belə ki, İK 2014/15 mövsümündən etibarən limitin 6 (legioner) + 5 (yerli) sistemi ilə tətbiq edilməsinə və bu yerli futbolçulardan 2-nin 21 yaşadək olmasına qərar verdi.
 
Premyer Liqaya legioner axınını nəzərə alsaq, bu sistemin klublar və baş məşqçilər üçün əlverişli olduğunu demək olmaz. Üstəlik 21 yaşadək futbolçu limiti də Premyer Liqa təmsilçilərinə xeyli çətinlik yaradır. Hətta sözügedən məsələylə bağlı Qurban Qurbanov və Mustafa Dənizli də mətbuata verdiyi açıqlamalarda öz etirazlarını bildirməyə başlayıb. Hər halda AFFA-nın bu qərarını birmənalı qarşılamaq olmaz. Niyə? Çünki oturub-durub uşaq futbolundan, akademiyadan, gənclərindən dəm vuran klub rəhbərləri, o gənclərə vaxtında diqqət ayırsaydı, indi problem yaşanmazdı. Məsələn, "Xəzər Lənkəran" heç olmasa 2 lənkəranlını yetişdirib, əsas heyətə hazırlasaydı, çətinlik yaşanmazdı. Bütün klublar da bunun kimi…
 
Bu zaman insanı bir neçə sual düşündürür. Doğrudanmı bu yaş limiti futbolumuzu inkişafa doğru aparır? Bu zaman qazanan klublar olacaq, ya milli? Məsələnin çıxış yolu nədi? Bu suallara bir neçə məşqçi və idman jurnalistinin münasibətini öyrənməyə çalışdıq.
 
Şahin Diniyev: "Burada məsələ ikitərəflidi. Federasiya bunu milliyə görə edir. Çempionatın reqlamentində belə bir bənd var: Milli çempionatın keçirilməsində məqsəd yığmaya oyunçuların hazırlanmasıdı. AFFA da millidə oynayan futbolçuların sayının artırılması və inkişafı üçün bu addımı atıb. Lakin bunun digər tərəfi də var. Əgər peşakarlıqdan söhbət gedirsə, klub kimin oynayıb-oynamamasına özü qərar verməlidi. Elə təzad da burada yaranır. Güclülər dəstəsində hər bir klub nəticə qazanmaq istəyir. Bu nəticənin də kiminlə qazanılması artıq onların öz işidi. UEFA və FİFA milli assosiasiyalara daha çox üstünlük verir. Lakin bildiyimiz kimi, Ali İdman Məhkəməsi fəaliyyət göstərir. Mənə elə gəlir ki, klublar oraya şikayət etsə, bu məsələdə qalib gələ bilərlər. Bu ölkədə yaşayıb, bu ölkənin futbolunun inkişafını istəyirlərsə, ortaq məxrəcə gəlmək olar. Bunun üçün İcraiyyə Komitəsi və klub prezidentləri bir araya yığılıb ümumi qərar qəbul edə bilərlər. Çünki bu, elə bir məsələdi ki, həm yığma komanda itirə bilər, həm də klublar. Əgər meydanda 2 nəfər 21 yaşadək futbolçu olmalıdısa, ən azı 2-si də ehtiyatda oturmalıdı. Bu da klublarda peşəkarlığın azalmasına səbəb ola bilər".
 
Əfqan Talıbov: "Qərar qəbul olunan zaman təhlil edilir və Azərbaycanın gələcək futboluna hesablanır. Burada gənclərin inkişafı, perspektivi nəzər alınır. Komandaların niyə narazılıq etdiyini başa düşürəm. İddialı komandalar 21 yaşadək futbolçularla xal qazanmaqda çətinlik çəkəcək. Amma bir məsələ var. Premyer Liqada oynayan 10 klubun aşağı yaş qrupları üzrə komandaları var. Hamı başqa klublardan oyunçu axtarır. Bəs aşağı yaş qrupları nə üçündü? Əgər belə edəcəkdinsə, onda aşağı yaş qruplarında nə iş görülür? Bu gün əsas heyətə 2 nəfər gənc futbolçu sala bilməyən klublar problem yaşayır. Gənclərdə hələ ki, perspektiv görünmür. Oynayırlar, bir mövsüm özlərini göstərirlər, daha sonra sönürlər. Məncə klublar bu qərara narazılıq etməməlidi. Bu qərar millinin gələcəyi üçün qəbul edilib. Çünki dünya futbolunda gənc, sürətli futbol oynanılır. Bunun üçün də bizim milliyə gənc futbolçular lazımdı. Rəşad Sadıqovu, Mahir Şükürovu və başqalarını əvəz edənlər olmalıdı".
 
Natiq Muxtarlı: "AFFA-nın qəbul etdiyi limitin heç bir peşəkar əsası yox idi. Əslində qərar qəbul olunandan sonra mətbuat bunu kəskin tənqid etdi. Amma heç bir klub rəsmisi və baş məşqçi Azərbaycan futbolunun reallığını anlayıb bu qərara etiraz etmədi. Onlar nökər xislətli olduqlarını göstərdilər. Təkcə Qurban Qurbanov etiraz səsini qaldırıb. Azərbaycanda 21 yaşa qədər futbolçu yoxdu. U-17, U-19, U-21-in çıxışı göz önündədi, bunların futbolçu dedikləri Avropada biabırçı nəticələr göstərirlər. AFFA klubları məcbur edir ki, heç bir istedadı olmayanları start heyətində oynatsın. Onlar start heyətində oynamaqla səviyyələrini artıracaqlar? Qətiyyən! Amma əvəzində qiymətlərini artıracaqlar, var-dövlət sahibi olacaqlar. Buna baxmayaraq, bütün hallarda futbolçu olmayacaqlar. Limit tətbiqi nəinki milli komandanın inkişafına təkan verməyəcək, üstəlik klub futboluna da öldürücü zərbə vuracaq. Düşünürəm ki, gec-tez AFFA-da oturan səriştəsizlər bunu anlayacaq və limiti ləğv edəcəklər".
 
Elnur Məmmədli: "Məncə, elə bir futbolçu qalsaydı, yaxşı olardı. Çünki bu yaşda keyfiyyətli futbolçu qıtlığı var. Bu vəziyyətdə isə futbolçuların qiyməti süni şəkildə qalxacaq. Yəni klublar bəzən 21 yaşlı futbolçulara dəyərindən artıq pul verməli olacaq. Bu, həm də Azərbaycan futbolçularının xaricdə güclü çempionatlarda oynamasının da qaşısını alacaq. Onsuz da xaricdə normal oynayan futbolçumuz yoxdu. Vəziyyətdən çıxış yoluna gəldikdə isə, artı qərar verilib və ən azı bir mövsüm hamı buna dözməlidi".
 
Elşən Məmmədov: "AFFA İcraiyyə Komitəsinin verdiyi bu qərarda, haradasa, məntiq var. Çünki ölkəmizdə səviyyəli yerli futbolçu qıtlığı mövcuddu. Klublarımızda nadir hallarda əsas komandaya layiq oyunçular yetişir. FİFA isə bütün milli çempionatlarda 6+5 limiti tətbiq etmək niyyətində olduğunu dəfələrlə bəyan edib. Hazırda Topaz Premyer Liqasında limit 7+3+1-di. İK-in qərarına əsasən, bu limit gələn mövsümdən 6+3+2 olacaq. Beləliklə, əsas heyətdə 5 yerli futbolçu oynaya biləcək ki, bu da FİFA-nın tətbiq etmək istədiyi limitə tam uyğundu. Ali futbol qurumu mərkəzləşdirilmiş qaydada limit qoysa, klublarımız özlərini buna tam hazır saya biləcəklər. Amma əsas heyətdə 21 yaşadək 2 yerli futbolçunun oynamasının vacibliyinə dair qərarın uzun müddətə tətbiq olunacağına inanmıram. Çünki bu, çempionatın səviyyəsinə get-gedə mənfi təsir göstərəcək. Digər tərəfdən, nəzərə almaq lazımdı ki, əsas heyətdəki gənclərin heç də hamısı məcburiyyətdən oynadılmır. Onların arasında ilk "11-liy"ə layiqliləri də yetişməkdədi. Bu mənada, 2015-2016-cı il mövsümündən əsas heyətdə gənc futbolçuların yer alması barədə bəndin qüvvədən salınmasını və 6+5 limitinin tətbiqini məqsədəuyğun sayıram. Bir şərtlə ki, çempionatımızda uzun müddətdi çıxış edən əcnəbi futbolçu da, məsələn, 3 ildən sonra yerli oyunçu statusu ala bilsin".
 
Rəşad Ergün: "Bu qərarın reallaşacağına inanmıram. AFFA-da oturanların çoxunun futbolu bilmədiyinə əminəm. Amma bu qərar reallaşsa, onda AFFA-dakıların bizim qonşudakı Məsmə arvaddan heç bir fərqi olmaz. Nöşün ki, Məsmə arvad özünün dediyinə görə, ömründə bir dəfə də olsun futbola baxmayıb. Ancaq məncə, hətta ona da izah etsən ki, ölkədə futbolçu yoxdu, bu iki dene 21 yaşlı söhbətinə "axmaqlıqdı" deyər".
 
RÖVŞƏN ƏHLİMANOĞLU
Shares: