"Xəzər Lənkəran"ın bu komandada forma geyən Alvaro Silvanın meneceri Marko Kırdemirin açıqlaması komandanı bir-birinə vurub. "Xəzər Lənkəran"ın Antalyada Türkiyə "Rizəspor"una qarşı yoxlama matçını izləyən Kırdemir futbolinfo.az saytının əməkdaşına aldadıldığını bildirmişdi.
 
Belə ki, o, konkret ad çəkərək ona verilməli olan pulu ala bilmədiyini qeyd etmişdi: "Alvaronu bu kluba mən gətirmişəm. Klubla aramızda müqavilə var.  O müqaviləyə əsasən mənə pul ödəməlidilər. Amma vermirlər. "Xəzər Lənkəran"ın mənə borcu qalıb. Bunu klubun vitse-prezidenti Tuyqun Nadirova dedim. O isə dedi ki, pulu sənə verməyəcəm. Konkret şəkildə verməyəcəklərini bildirdi. Mən FİFA-ya müraciət edə bilərəm. Amma bunu etməyəcəm. Mübariz Mənsimovla görüşəcəm və pulu ondan istəyəcəm".
 
Məsələyə cənubluların da cavabı gecikmədi. Belə ki, Lənkəran klubunun prezidenti Mais Mənsimov futbolinfo.az saytına açıqlamasında bunları dilə gətirdi: "Adıçəkilən menecerin əlində qanuni heç bir sənəd yoxdu. Əgər varsa, FİFA-ya müraciət etsin. Futbolçuyla menecer arasındakı faiz məsələsinə klub cavabdeh deyil. Şəxsən özüm bu məsələ ilə bağlı göstəriş vermişəm ki, Silvanın meneceri bir də belə böhtan açıqlama versə, onun haqqında hüquqi müstəvidə tədbir görülsün. Bu menecer saxtakardı".
 
Daha sonra lənkəranlıların mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu bizimlə əlaqə yaratdı. O, Alvaronun bu məsələ ilə bağlı açıqlama vermək istədiyini dedi. Klub rəsmisi Silvadan müsahibə götürmək üçün əməkdaşımızı klubun bazasına dəvət etdi. Bu gün hətta klub bizim jurnalistin arxasınca maşın da göndərib. Amma anlaşılmazlıq üzündən söhbət baş tutmayıb. Daha doğrusu, lənkəranlıların göndərdiyi maşın tez gəldiyindən əməkdaşımızla söhbət alınmayıb.
 
Amma yaxşı ki, alınmayıb. Belə ki, Alvaro özü həmin xəbəri yazan əməkdaşımızı taparaq menecerinin əleyhinə danışmaq istəmədiyini, amma klub rəsmilərinin belə istədiklərini bildirib.
 
Hadisələrin gedişi ilə sizi tanış edəcəyik. Silvanın buna məcbur edilib-edilmədiyini, onun nə üçün menecerin əleyhinə danışmalı olduğunu siz də biləcəksiz.
Shares: