"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışı çərçivəsində bu gün baş tutmuş Rumıniya “Dinamo”su (Buxarest) ilə yoxlama oyunundan (1:0) sonra azərbaycanlı jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az xəbər verir ki, Qurbanov əvvəl matç haqda danışıb:
 
“Hazırda razı qalmadığım məqamlar daha çoxdu. Bu da yorğunluqla bağlıdı. Ona görə də futbolçulara irad bildirmək olmaz. Hələlik onlardan istədiyimiz oyunu tələb edə bilmərik. Onlar çalışdılar ki, oyun intizamını qoruyub saxlasınlar. Amma səhvlər də var idi. Düşünürəm ki, hələ vaxt var, daha yaxşı hazırlaşmalıyıq”.
 
Baş məşqçi hər xəttə futbolçu transfer olunmasının tərəfdarıdı: “İstədiyimiz oyunçu olsa, hər mövqeyə futbolçu götürərik. Lakin qışda oyunçu tapmaq bir az çətindi. Olmadığı halda bununla kifayətlənəcəyik. Ola bilər ki, ilk turlarda zədəli futbolçularımız tam hazır olmasın. Lakin növbəti qarşılaşmalarda onlar da komandaya kömək edə biləcək”.
 
Qurbanov müalicəsi başa çatmaqda olan Rəşad Sadıqovun durumuna da aydınlıq gətirib: “Rəşad Sadıqov bir neçə günə hazırlığa başlayacaq. Həkimlərin cavabını gözləyirik. Yəqin gələn həftədən məşqlərə başlayar”.
 
Mütəxəssis yoxlama oyunlarında da nəticənin vacibliyini qeyd edib: “Hər futbolçu məsuliyyəti dərk etməlidi. Çempionat ərəfəsində uğurlu nəticələr qazanmaq daha yaxşıdı. Buna görə qələbə vacibdi. Oyunçu da 90 dəqiqə ərzində nə etməli olduğunu dərk etməlidi”.
 
Qurbanov Antalyada klubların yoxlama oyunlarını izləyən Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsla görüşündə ümumi mövzulardan danışdığını bildirib: “Foqtsla söhbətimizdə ümumi hazırlıqla bağlı danışdıq. Bizim matçı izləyə bilmədi”. 
 
ELSEVƏR, ANTALYA
Shares: