Topaz Premyer Liqasının 20-ci turunda baş tutacaq “Xəzər Lənkəran” və “Neftçi” arasındakı “Böyük oyun”la bağlı maraqlı fikirlər səslənməkdə davam edir. Qonaq komandanın azarkeşlərinin məlum qadağa səbəbindən Lənkərana getməyəcəyini nəzərə alsaq, yerli fanatların bu oyuna necə hazırlaşdıqları maraq doğurur. Bu barədə futbolinfo.az saytına danışan “Caspian Ultras” fan-klubunun rəhbəri Ramal Novruzov və “12-ci oyunçu” azad azarkeş qrupunun rəhbəri İslam Cabbarlı maraqlı fikirlər səsləndirdi:
 
Ramal Novruzov: “Çox gözəl hazırlaşırıq. İşlərimiz tamamlanmaq üzrədi. Azərbaycanda heç kimin görmədiyi şeyləri reallaşdıracağıq. “Caspian Ultras” bir yenilik gətirəcək. Təbii ki, həbs olunan azarkeşləri də unutmayacağıq. Bu, vacib məsələdi. Onları unutmaq olmaz. Unutsaq, oyununun, azarkeşliyin bir mənası olmaz. İstər səfər, istər ev oyunlarında biz həmişə üstün olmuşuq. "Neftçi" azarkeşlərinə gəlincə, onsuz Lənkərana gələndə də biz onların varlığını-yoxluğunu hiss etmirik”.
 
İslam Cabbarlı: “Bu oyuna təşkilatlanmış şəkildə hazırlaşmırıq. Biz “12-ci oyunçu” azad azarkeş qrupuyuq. Amma təbii ki, bu oyunda xüsusi pankartlar və şüarlar olacaq. Lənkəranda həmişə olduğu kimi, “Neftçi” ilə oyuna maraq böyükdü. Həbsdə olan azarkeşlərin hələ də azad olunmaması buradakı insanların oyuna gəlməsinə mənfi cəhətdən təsir edir. Amma yenə də stadiona ən azı 10 mindən çox azarkeşin gələcəyinə inanırıq. Rəqib komandanın azarkeşlərinin gəlməməsi bizə yaxşı cəhətdən təsir edəcək. Çünki rəqib azarkeşlər stadiona gəldikləri zaman bizim azarkeşlər daha çox onlara üzünü çevirib müxtəlif şüarlar səsləndirirdilər, fikirləri oyunda olmurdu. İndi isə azarkeşlərimizin bütün fikri oyunda olacaq. Bu da yaxşı haldı. Onların yoxluğu oyuna başqa cür təsir edə bilməz. Onsuz da onlar cəmi 50-100 nəfər gətirirlər və meydanda varlıqları ilə yoxluqları bilinmirdi”.
Shares: