"Qəbələ"nin yeni transferi, rusiyalı yarımmüdafiəçi Marat İzmaylov Rusiya mətbuatına müsahibəsində Azərbaycan klubuna keçidi ilə bağlı ilk təəssüratlarını bölüşüb. Futbolinfo.az sizi İzmaylovun müsahibəsi ilə tanış edir.
– Mövsümün ilk yarısında “Portu”nun heyətində “Austriya”ya qarşı cəmi 24 dəqiqə oynayıb nəzərdən itdiniz. Portuqaliya klubundan bildiriblər ki, hansısa şəxsi məsələlərinizin həlli ilə məşğulsuz. Nə baş verib?
– Müzakirə etməyə hazır deyiləm. Şəxsi səbəbli problemlərim vardı. Xırdalıqlarına varmaq istəmirəm.
– İndi problem geridədi?
– Praktiki olaraq.
– Portuqaliya mətbuatı sizin hətta karyeranızı başa vura biləcəyinizi yazırdı. Bu, həqiqətdi?
– Mən işdən “Portu”nun icazəsi ilə azad olmuşam. Klub qarşılıq verib güzəştə gedərək, şəxsi məsələlərin həlli üçün müəyyən vaxt verdi. Heç kim təxmin etmirdi ki, məşqsiz və oyunlarsız vaxt belə uzun çəkəcək. O zaman kəsiyində başıma müxtəlif fikirlər gəlirdi. Ancaq mən növbəti dəfə bu fikrin üstünə gəlirdim ki, futbol mənim həyatımın işidi. Karyeramı bitirmək haqda ciddi düşünməyə hələ hazır deyiləm. “Portu” və “Qəbələ”yə minnətdaram. Bu klublar futbola qayıtmağıma şans veriblər. İndi çox şey özümdən asılıdı: yüksək səviyyədə oynayacağam və ya yox.
– Belə çıxır ki, “Portu”da sizə belə bir şans verə bilməyiblər? Yaxud istəməyiblər?
– İstəyirdilər. Ancaq futbolçu üçün idman forması və ahəngini təcrübədən keçərək yığmaq ən yaxşısıdı. Azərbaycanda da asan olmayacaq. İlk məşqlərdən əmin oldum ki, Qəbələdə yaxşı komanda var.
– “Lokomotiv”də rəhbərliyi altında oynadığınız Yuri Syominlə ilk görüş necə keçdi?
– Yuri Palıç hamıya ata kimi yanaşır. Onunla işləmiş demək olar ki, hər futbolçu bunu təsdiq edə bilər. Ancaq aramızda olan məşqçi və futbolçu məsafəsi, biz on il qabaq son dəfə bir yerdə işləyərkən necə olubsa, eləcə də qalıb.
– Syomin olmasaydı, “Qəbələ” variantını gözdən keçirərdiz?
– Dəqiq deyə bilərəm ki, Yuri Palıç bu məsələdə əsas rol oynayıb. Keçid haqda sual yarım gün ərzində həll edildi. Biz telefonla söhbətləşdik və söhbətdən bir saat sonra mənə bilet təqdim etdilər ki, növbəti səhər mən Bakıya uçum.
– Siz düşünmədiz?
– Futbol üçün dəlicəsinə darıxmışdım. Yuri Palıçın məni bir insan və futbolçu kimi tanıması da az əhəmiyyət kəsb etmir. Bunu böyük futbola qayıtmağa bir şans kimi nəzərdən keçirirdim. Bu səbəbdən dərhal razılaşdım. Nə narahat edirdi? Bazanın və meydanların keyfiyyəti. Bu, Syomindən soruşduğum yeganə sual idi. Məşqçi inandırdı ki, Azərbaycanda bununla bağlı problemlər yoxdu və mən dərhal qərara aldım: getmək lazımdı.
– On il ərzində Syomin çox dəyişib?
– Cəmi iki gündü, komandadayam. Buna görə də mühakimə etmək asan deyil. Ancaq cüzi fərqi indi də görürəm: Syominin yanaşması daha avropasayağı olub.
– Bu, nədə əksini tapır?
– Futbol təmrinləri çoxalıb. “Qəbələ”dəki məşqlər “Portu” və “Sportinq”də öyrəşdiyim məşqlərdən çox da fərqlənmir.
– Məşçqçi qərərgahından başqa, “Qəbələ”də kimsə rusca danışır?
– Bəli. Demək olar ki, bütün komanda, braziliyalı və serblər də daxil olmaqla. Onlardan kimsə Ukraynada oynayıb.
– Məşqlər rusca keçir? Tərcüməsiz?
– Bəzi anlar ingiliscəyə tərcümə edilir. Qeyd etdiyim kimi, azərbaycanlıların ikinci dili rus və ya ingilis dilidi.
– Qəbələ və Bakı hansı təəssüratları oyatdı?
– Heç nə görməmişəm. Məşqlər və bərpa ilə məşğul oluram. Şəhərə çıxmağa imkan olmayıb.
– Bazada yaşayacaqsız, ya ev kirayələyəcəksiz?
– Bütün komanda beşulduzlu oteldə yaşayır. İstək müqabilində otelin nəzdində olan kottecdə də qalmaq olar. Ancaq mən mehmanxanada nömrə seçdim.
– Fərq nədədi?
Evciklərdən küçədən keçməklə yeməkxanaya, trenajor zalına, hovuza getmək lazımdır. Hər dəfə paltar dəyişmək istəmirəm. İndi Qəbələdə hava soyuqdu, mənfi iki-üç dərəcə. Ümumilikdə, burada yaşayış şəraiti əladı.
– Oyun təqvimini, çempionatdakı vəziyyəti öyrənmisiz?
– Təqvimə göz yetirməmişəm. Kiminlə nə vaxt oynamaq, onsuz da fərq etməz. Yalnız bir şey istəyirəm: oyunlar mümkün qədər tez-tez olsun. Bilirəm ki, növbəti oyun xüsusidi. “Qarabağ” da bizim kimi çempionluq uğrunda mübarizə aparır. Demək olar ki, altı xalla bərabər bir oyundu.
– Oynayacaqsız?
– Mövsümə hazırlaşıram. Ancaq hər şey məşqçinin ixtiyarındadı. Fiziki vəziyyətimə gəlincə, yumşaq desəm, daha yaxşı olmağı istərdim. Ancaq, əgər məşqçi etibar etsə, mütləq surətdə can qoyacağam.
– Hansı mövqedə oynayacağınızı artıq bilirsiz?
– Təxmin edirəm ki, mövqeyim yeni olmayacaq: Sol və ya sağ hücumameylli yarımmüdafiəçi. Yaxud hücumçuların arxasında. Üçündən biri.
– Çempionluq uğurunda belə oyunlarda mükafat da xüsusi olur?
– Həqiqi? Heç maraqlanmamışam. Bura qazanc dalınca gəlməmişəm. “Qəbələ”yə icarə haqda söhbət düşəndə, maliyyə məsələsi mənim üçün sonuncu idi. Mənim üçün indi əsası, komandaya çempionluğu və kuboku qazanmağa kömək etməkdi. Özümün isə əvvəlki səviyyəmə qayıtmağımdı.





