AFFA İntizam Komitəsi “Neftçi”nin vayına oturdu. Məşhur filmdə deyildiyi kimi, “heç oğlum Yadullanın müsibəti belə olmamışdı”.
Bakı klubunun ən çox işləyib, ən çox danışan vitse-prezidenti indi yəqin ki, uzun müddət susacaq. Çünki bu dəfə Böyükağa Hacıyevi də kölgədə qoyacaq qədər sərt danışmış, barıtı çox eləmişdi. Elə bu səbəbdən də partlayışın səsi lap yuxarılarda eşidildi.
Bütün bu cəzaların məhz futbolinfo.az saytında gedən açıqlamalara görə verilməsi faktdı. Artıq bu, mənim yox, Süleymanovun problemidi. Bəlkə də o, rəhbərliyə “Xəzər Lənkəran” üzərində qələbə vəd edibmiş, bu, reallaşmayanda isə diqqəti komandadan yayındırmaq üçün belə manevr etdi. Ancaq onun meydandan kənarda səbəbkar axtarmaq cəhdi 10 oyunluq cəzalanması ilə nəticələndi.
Cəza layiqlidimi? Bunu İntizam Komitəsinin üzvləri bilər. Amma məncə, Tahir bəy kiminsə şərəf və ləyaqətini təhqir etməmişdi. O, sadəcə, 2 hakimlə bağlı açıqlamasında səhvə yol vermişdi. Əliyar Ağayevlə Rəhim Həsənovun kiməsə “işləməsini” iddia etməsi Süleymanovun həm də 20 min manatlıq cəriməyə məruz qalmasına səbəb oldu.
AFFA bu ittihamlara görə belə ağır cəzaya əl atmazdı. Gəl ki, Süleymanovun assosiasiyanın yüksək vəzifəli şəxsləri barədə açıqlamaları həzmedilməz oldu. Xüsusilə vitse-prezident Rauf Əliyevə yol göstərməsi belə sərt cəzanı qaçılmaz etdi. Yəqin ki, Tahir bəyin Peşəkar Futbol Liqasını sətiraltı ifadələrlə təhdid etməsi də cəzanın “şişməsinə” səbəb oldu. Axı, o, son açıqlamasında PFL-ə “Neftçi” adından barmaq silkələmişdi. Açıqlamasına diqqət edək: “O ki qaldı Peşəkar Futbol Liqasına, nəzərinizə çatdırım ki, həmin qurum seçkili orqandı. Klublar tərəfindən seçilir və AFFA-nın üzvlərindən biridi. Fikirimcə, əlavə şərhə ehtiyac yoxdu”.
“Neftçi”yə kəsilən cəzalar da tam yerindədi. Bəlkə də Mahir Şükürovun ədəbsiz jestinə yenə göz yumula bilərdi. Amma məhz Süleymanovun açıqlamaları onun işinə də ciddi baxılmasına səbəb oldu. Amma nədənsə Hacıyev yaddan çıxdı. “Neftçi”nin baş məşqçisi də mətbuat konfransında çərçivəni keçmişdi və diskvalifikasiyaya layiq idi.
Tahir Süleymanov rahat ola bilər. Əvvəlki cəzasını da nəzərə alsaq, onu demək olar, mövsümün sonuna kimi stadiona yaxın buraxmayacaqlar. Bu isə mövsümün sonunda “Neftçi”nin çempion ola bilməyəcəyi təqdirdə vitse-prezidentin məsuliyyətini azaldacaq. Amma azaldacaqmı?..
İndi “Neftçi” pərən-pərən olub. Təcrübəli, aparıcı oyunçular yoxdu. Lap Süleymanovun istədiyi vəziyyətdi. Axı, komandada yetərincə yerli gənc oyunçunun olduğunu və onların Azərbaycan futbolunun gələcəyinə damğa vuracaqlarını tez-tez deyirdi. İndi buyursunlar, özlərini sübut etsinlər, Nazim Süleymanovu haqsız çıxarsınlar, tam zamanıdı.
Dərd də gələndə batmanla gəlir. “Neftçi”nin qayğısı azmış kimi, bu yandan da Mehmet Ak bakılıları cərimələtdi. Görəsən, onun FİFA vasitəsi ilə qələbəsinə aparan şikayətinin səbəbkarı kimdi. Sadıq Sadqov yəqin ki, bu barədə araşdırma aparacaq. Onun da altından Süleymanovun adı çıxsa, “Neftçi” yəqin ki, yeni vitse-prezident axtarmalıdı.





