Layihə
Futbolsuz 13 il: bərdəlilər stadionlarına diqqət gözləyir

2005-ci ildə “Azərbaycan Birliyi Naminə” futbol klubu yarananda bütün Bərdə əhalisi birləşib “Pambıqçı”nın davamçısını dəstəkləməyə başladı. Hərçənd qısaca ABN adlanan klubun “Pambıqçı” ilə heç bir əlaqəsi olmayıb.
2005-2006-cı il futbol mövsümündə birinci dəstədə çıxış edən ABN iddialı komanda sayılmırdı və klub rəhbərliyinin əsas hədəfi Bərdədə futbolu yenidən populyarlaşdırmaq idi. Lakin növbəti mövsüm adına “Bərdə” sözünü əlavə edən “ağ-yaşıllar” gücləndilər və elitaya vəsiqə uğrunda mübarizə apardılar.

Planlar baş tutmadı: “ABN-Bərdə” pley-off yarışlarında 6 komanda arasında 4-cü olmaqla iddiasını azı birillik təxirə salmalı oldu.Ancaq həmin ərəfədə yüksək liqadakı İmişli klubu futbolla vidalaşdı, birinci dəstədə 3-cü olan “Göyəzən” pulunun olmadığını önə çəkib elitadan imtina etdi və Bərdə azarkeşləri 9 illik fasilədən sonra güclülər dəstəsinin abı-havası ilə nəfəs almaq imkanı qazandılar. Mövsüm ərzində sonuncu pilləyə yuvarlanan Bərdə təmsilçisi elita ilə vidalaşmaqla rayonda böyük futbolun süqutuna imkan yaratdı.
Artıq komandanın fəaliyyətinin dayandırılmasından 13 il keçir. İndi, uzun aradan sonra Bərdənin eyniadlı futbol komandası futbol ailəsinin sıralarına qayıdıb. Əyalət təmsilçisi bu ildən Region Liqasında qüvvəsini sınayacaq.

Komandaya futbol ictimaiyyətinin yaxından tanıdığı Əli Quliyev baş məşqçi təyin edilib. Komanda məşqlərinə yay aylarından başlayıb və indi Region Liqasında keçirəcəkləri ilk oyuna hazırlaşırlar.
Bu illər ərzində rayonda komandanın olmaması ev oyunlarının keçirildiyi stadionun da tam olaraq sıradan çıxmasına gətirib çıxarıb. Birvaxtlar bölgənin ən yaxşı idman meydançalarından sayılan bu stadion indi biganəliyin və baxımsızlığın qurbanına çevrilib.



Birvaxtlar 5000 azarkeş tutumuna malik stadionun yararsız vəziyyətdə olması bərdəli futbol azarkeşlərini də məyus edir. Onlar inanmaq istəyirlər ki, adiyyatı qurumlar gələcəyin istedadlı futbolçularının yetişməsi naminə bu stadionun əsaslı şəkildə yenidən qurulmasına öz dəstəklərini verəcəklər. Çünki Bərdə tarixən futbol bölgələrimizdən olub və bu rayonda xeyli istedad yetişərək Azərbaycan futbol ailəsinə qoşulub.
BƏHRUZ MUSAYEV, BƏRDƏ
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu


- Dünya futbolu2023-11-27 09:17
“Dinamo”nun baş məşqçisi Mahir Emrelidən razıdır
- Premyer-liqa2023-11-26 17:23
“Neftçi” “Araz-Naxçıvan” üzərində qələbəni əldən verdi
- Müsahibə2023-11-27 15:44
“Neftçi” yerli məşqçiyə güvənməlidir”
- Müsahibə2023-11-28 08:00
Yunis Hüseynov: “Orada bəziləri “Neftçi”ni fikirləşmirlər”