Digər idman növləri
“Gəncə” transferləri yekunlaşdırdı
“Gəncə” klubu 29-cu basketbol mövsümünə hazırlaşır. Yeni baş məşqçi və yeni oyunçulardan formalaşdırılan komanda ötən il olduğu kimi, yenə mükafatçılar sırasında olmağı hədəfləyib.
Son çempionatda uğurlu çıxış edən kollektiv ilk dəfə təşkil edilən ölkə kubokuna sahib çıxsa da, çempionluq uğrunda axırıncı görüşdə çox cüzi fərqlə məğlub olaraq ikincisi oldu. Yeni mövsümöncəsi “sarı-göylər”in heyəti tamamilə yenilənib. Baş məşqçi postuna türkiyəli Bedri Meriç gətirilib və ayrı-ayrı mövqelərə həm yerli, həm də əcnəbi basketbolçular transfer edilib.
Builki heyət əsasən gənclərdən ibarətdir. 10 gündən çoxdur ki, hazırlığa başlayan komadada demək olar ki, transfer çalışmaları yekunlaşıb. “Gəncə” yeni mövsüm üçün heyətinə 12 oyunçu cəlb edib. Onlardan 6-sı yerli, 6-sı əcnəbi basketbolçudur. Legionerlərdən 1-i Kanadadan, 5-i isə ABŞ-dır.
Azərbaycan Basketbol Liqasında 2023/2024 mövsümü 22 oktyabrda start götürəcək. Bu mövsüm ötən ilkindən fərqli olaraq komanda sayı artırılıb və çempionatda 10 kollektiv iştirak edəcək.
BƏHRUZ MUSAYEV, GƏNCƏ