Premyer-liqa
Lider və autsayder şərikliyi
“Sabah” əzmkarlıq göstərib, bütün oyunların eyni hesabla (1:0) bitməsinə əngəl oldu. Halbuki 79-cu dəqiqədə hesabı açan “Keşlə” 2021-dəki ilk qələbəsinə çox yaxın idi.
“Neftçi” yenə zirvədədi. Lakin Samir Abasovun yetirmələri zəif oyunu qarşılığında ciddi zərbə aldı. Bakılılar “Qarabağ”ı udub, zirvəyə yüksəlir, əvəzində digər komandalarla görüşlərdə xallar itirir, sonda hədəflərindən uzaq düşür. Dünən növbəti 3 xal qazanılsaydı, çempionluğa inam daha da artacaq, bəlkə ağdamlılar psixoloji böhrana düşəcəkdi. Amma indi məhz “Qarabağ” özünəinam qazandı.
Düzdü, “Zirə”ylə oyunun çətin alınacağı əvvəlcədən bəlliydi. 3-cü pillədə qərar tutan Rəşad Sadıqovun yetirmələri bu rəqibiylə əvvəlki 4 oyununda (ikisi kubokda) da uduzmamış, hətta top buraxmamışdı – 2 1:0, 2 0:0. Qonaqların kubokdakı yenilginin əvəzini çıxmaq, həmçinin şərikli liderliyə yol verməmək üçün qələbəyə oynayacağı, ən azı xal götürməyə çalışacağı gözlənilirdi.
Məşqçilərin taktiki döyüşündən Sadıqov qalib ayrıldı. “Zirə” 90 dəqiqəni istədiyi kimi keçirdi, oyunun tempini müəyyənləşdirdi. Müdafiədə maksimum səhvsiz oynayan meydan sahibləri orta sahədə çoxluq yaratmaqla “Neftçi”nin üstünlük qurmasına imkan vermədi, əks-hücumda arzuladığı topu da vurdu.
Abasov Sabir Buqrini meydana buraxdıqdan sonra ssenari dəyişdi. Bu legionerin sağlamlığında problem yox idisə, ehtiyatda qalması ciddi məşqçi səhvi idi. Çünki məhz Buqrin “Neftçi”nin təzyiqi artırmasına, epizodlar yaratmasına səbəbkar oldu. O, meydanda daha böyük müddət keçirsəydi, “Zirə” müdafiəsini səhvə məcbur edəcəkdi.
İstənilən halda, “Neftçi” liderdi, çempionluq şansı öz əlindədi. Amma komanda oyununu düzəltməlidi. Son turlarda komanda bir az bəxt, bir az da istək sayəsində qələbə qazanırdı, oyun keyfiyyəti lazımi səviyyədə deyil. “Zirə” onları lazımınca analiz edib, istəyinə çatdı. Bu qədər asan çözülən komandaların qızıl medallara sahib olması asan deyil.
“Qarabağ” nəhayət, özünə gəldi. Ardıcıl 2 uğursuzluqdan sonra “Səbail” üzərində qələbə ağdamlılarda inam yaratdı. Lakin Qurban Qurbanovun yetirmələri də çempionluğa layiq oynamır. Qonaqlar rəqibinin bütün həmlələrinə çarə tapmışdı, ciddi qol epizodları vermirdi. Nəticəni futbolçu keyfiyyətindəki fərq müəyyənləşdirdi. Xayme Romeronun mükəmməl cərimə zərbəsi bəlkə də layiqli qələbə gətirdi, lakin çempion autsayderlə oyunda bu qədər əziyyət çəkməməlidi.
Liderlərin xal fərqini azaltdığı turda 4-cü pillə uğrunda mübarizə gərginləşdi. “Sumqayıt” əsas izləyicisinə yenilməklə vəziyyətini pisləşdirdi. Özünə gəlməyə başlayan “Qəbələ” tempi qorusa, 3-cü dövrə bitməmiş ümidlərini artıracaq.
8 turdu qələbə üzü görməyən “Keşlə” tilsimi qırmağa yaxın idi. Son dəqiqələri məhsuldar keçən matçda Sənan Qurbanovun yetirmələri vacib səfər qolu vurmuşdu. Amma “Sabah” oyuna əlavə olunan dəqiqələrdə hesabı bərabərləşdirib, bu komanda ilə son pillənin şərikliyini davam etdirdi. Bir-birini büdrədən rəqiblər avrokubok arzularına növbəti zərbəni aldılar.
FƏRİD
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…