Dünya futbolu
“Milan” üçün əlamətdar oyun
A Seriyasının 24-cü turu “Milan” üçün əlamətdar oldu. Bir müddət davam edən uğursuz dönəmdən sonra İtaliya çempionu qol buraxmadan ardıcıl 4-cü qələbəsini (2:0) qazandı.
“Atalanta” ilə qarşılaşma baş məşqçi Stefano Pioli üçün də yaddaqalan olacaq. Təcrübəli mütəxəssis məşqçi karyerasında 800-cü oyununu keçirdi. O, bunlardan 169-da “Milan”a rəhbərlik edib. 57 yaşlı çalışdırıcı “Fiorentina”, “İnter”, “Latsio”, “Bolonya”, “Palermo”, “Kyevo”, “Sassuolo” və digər klublarda da işləyib.
“Milan”ın hücumçusu Zlatan İbrahimoviç isə 280 gündən sonra ilk dəfə meydana çıxdı. 41 yaşlı forvard oyunun 74-cü dəqiqəsində fransalı hücumçu Olivye Jirunu əvəzlədi. İsveçli ağır zədə üzündən uzun müddət idi futbol oynamırdı. Futbolçu ötən mövsüm “Milan”ın heyətində 27 oyuna çıxıb, 8 qol vurub və 3 qol ötürməsi edib.