Müsahibə
Namiq Ələsgərov: “Heç nə itirilməyib”
“Neftçi”nin yarımmüdafiəçisi Namiq Ələsgərov futbolinfo.az saytına müsahibə verib. Milli komandayla bağlı danışmaq istəməyən futbolçu əsasən klubunun vəziyyətini dəyərləndirib.
- “Sumqayıt”la matçda 0:2 hesabı ilə uduzdunuz. Gözlənilməz məğlubiyyət idi. Sanki “Neftçi” “Sumqayıt” və “Zirə”yə qarşı matçlarda çətinlik çəkir. Bunun səbəbi nədir?
- Həqiqətən bu komandalarla oyunlarımız çox çətin keçir. Bütün oyunlara eyni şəkildə hazırlaşırıq. Sadəcə, bu komandalarla matçlarımız özümüz də bilmədiyimiz səbəblərdən belə alınır.
- Bu məğlubiyyəti çempionluq yolunda “Neftçi” üçün ağır zərbə adlandırmaq olar?
- Əlbəttə ki, adlandırmaq olar. Hər itirilən xal bizim üçün çempionluq yolunda böyük maneədir. Amma hələ heç nə itirilməyib. Qarşıda çox oyunlarımız var və xalları bərpa edib birinci pilləyə yenidən qalxa bilərik. Əsas olan isə bundan sonra xal itirməməkdir.
- Sizinlə eyni turda “Qarabağ”ın da 3 xal qazana bilməməsinə sevindiniz?
- Bizim üçün əsas öz oyunlarımızdır.
- Yenidən liderliyə qalxmaq üçün nə etməlisiniz?
- Bütün məqsədimiz budur ki, ilk pilləyə qalxaq. Bunun üçün hər şeyi edirik. Daha yaxşı oynamağa, xallar qazanmağa çalışırıq.
- Azarkeşlər uzun illər sonra artıq “Neftçi”dən qızıl medalları gözləyir…
- Biz özümüz də onlar kimi bu medallara sahib çıxmaq istəyirik. İnanırıq ki, artıq bu mövsüm həm onları sevindirəcəyik, həm də liqanın qalibi olacağıq.
- Növbəti matçınız “Qəbələ”yə qarşıdır. Son matçda bu rəqibə çətinliklə qalib gəlmişdiniz. Bu dəfə daha ağır oyun olacağını düşünmürsən?
- “Qəbələ” çox yaxşı komandadır. Keçən matçda onlarla çox çətinliklə qalib gəldik və bu dəfə də ağır oyun olacağını bilirik. Səfərdən 3 xalla qayıtmaq üçün əlimizdən gələni edəcəyik. Təəssüf ki, vərəqə limiti üzündən bu matçı buraxacam.
FƏRİD